Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi daxil olmaqla Azad Ticarət Zonasının (ATZ) yaradılması layihəsində məsləhətçi qismində "Economic Zones World" şirkəti cəlb ediləcək. Bu barədə Bakı Beynəlxalq Dəniz Ticarət Limanının rəhbəri Taleh Ziyadov deyib.
T. Ziyadovun sözlərinə görə, bu həftə mərkəzi Dubayda yerləşən həmin şirkətlə müvafiq müqavilə imzalanacaq: "Müqavilə şirkətlə altı ay ərzində aparılan danışıqların nəticəsində bağlanacaq və indi müqavilənin maliyyə tərəfi Azərbaycan Prezidenti tərəfindən təsdiqlənib".
Qurum rəhbəri bildirib ki, ATZ ilə bağlı xüsusi hüquqi rejim qəbul edildikdən sonra digər qanunvericilik aktları ona uyğunlaşdırılacaq.
report.az