“Vaqif” operası yeni quruluşda nümayiş olunacaq
17.8.2016

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında bəstəkar Ramiz Mustafayevin Səməd Vurğunun eyniadlı dramı əsasında hazırladığı “Vaqif” operası nümayişi olacaq. Tamaşada Vaqif obrazını ilk dəfə Akademik Opera və Balet Teatrının solisti, Əməkdar Artist, beynəlxalq müsabiqələr laureatı Ramil Qasımov ifa edəcək.

Ramil Qasımovun mətbuat katibinin verdiyi məlumata görə, yeni quruluşda hazırlanmış “Vaqif” operası görkəmli bəstəkar Ramiz Mustafayevin 90 illik yubileyi ərəfəsində oynanılacaq. Nümayişi noyabrın 26-da baş tutacaq tamaşanın quruluşçu rejissoru Hafiz Quliyev, quruluşçu dirijoru Cavanşir Cəfərovdur. Tamaşada baş rollarda Ramil Qasımov, İlahə Əfəndiyeva, Fərid Əliyev, Cahangir Qurbanov, Taleh Yəhyayev və Tural Ağasiyev çıxış edəcəklər.

Tamaşada Vaqif operasının ifa edəcək Ramil Qasımov bu obrazın onun üçün çox önəmli olduğunu bildirib: “Bu obrazı ifa etmək mənim üçün şərəfdir. Təbii ki bunu gerçəkləşdirmək böyük əzimlilik, eyni zamanda məsuliyyət tələb edir. Çalışacağam ki, bu etimadı Ramiz Mustafayev sənətini sevənlərin, eyni zamanda, klassik musiqiyə dəyər verən tamaşaçılar qarşısında doğruldum. Fürsətdən istifadə edib bütün yaradıcı və texniki heyətə uğurlar diləyirəm”.

Qeyd edək ki, bu günlərdə “Vaqif” operasından Ramil Qasımovun ifasında Vaqifin ariyasının klipi də hazırlanıb. Məqsəd Azərbaycan klassik musiqisini bugünkü nəslə təbliğ etməkdən ibarətdir.

azertag.az