Patimat Abakarova: "Ortada Olimpiya medalı olduğundan təzyiq hiss edirdim"
18.8.2016

"Birinci yeri qazanmaq istəyirdim, amma ilk döyüşüm alınmadı".

Bunu Rio-2016 Olimpiya Oyunlarının bürünc mükafatçısı, azərbaycanlı qadın taekvondoçu Patimat Abakarova Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədovaya açıqlamasında deyib.

Xanım idmançı məğlub olduğu ilk görüşdən sonra ruhdan düşmədiyini, əksinə, rəqibinin finala çıxacağını və təsəlliverici yarışa qatılacağını gözlədiyini qeyd edib: "Onun finala çıxmasını çox istəyirdim. Belədə bürünc medal qazanmaq şansım yaranacaqdı. İndi əlimdə Olimpiya Oyunlarının bürünc medalını tutduğuma görə şadam".

P.Abakarova bürünc medal uğrunda döyüşdə bütün gücünü sərf etdiyini vurğulayıb. O, döyüşün çətin olmadığını, sadəcə, ortada Olimpiya medalı olduğundan təzyiq hiss etdiyini sözlərinə əlavə edib.

Azərbaycanlı taekvondoçu sonda Olimpiya Oyunlarında mübarizəni davam etdirən idmançılarımıza uğurlar arzulayaraq, həmyerlilərini dəstəkləmək üçün tribunalarda olacağını bildirib.

report.az