Azərbaycan-Koreya Əməkdaşlıq Forumunun iştirakçıları Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər
19.8.2016

Avqustun 19-da Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən “Dövlət İdarəçiliyi üzrə Azərbaycan-Koreya Əməkdaşlıq Forumu” keçiriləcək.

Avqustun 18-də Koreya Respublikasının daxili işlər naziri Hong Yun-Sık, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov və Forumun digər iştirakçıları Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Sonra Şəhidlər xiyabanına gələn qonaqlar ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.

Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verilib.

azertag.az