Azərbaycan Milli Konservatoriyasının nəzdindəki İncəsənət Gimnaziyasının şagirdi, 8 yaşlı Züleyxa Abdullayeva İtaliyada keçirilmiş Pyetro Arcento adına XIV Beynəlxalq musiqi müsabiqəsinin qalibi olmuşdur.
Dünyanın 20-dən çox ölkəsindən, o cümlədən İtaliya, Almaniya, Koreya Respublikası, Niderland, Türkiyə, Polşa, Sloveniyadan musiqiçilərin iştirak etdikləri Beynəlxalq müsabiqədə Züleyxa Abdullayeva fortepianoda Baxın “Kiçik Prelüdiya”, Şopenin “Mazurka”, Klementin “Sonatina” kimi əsərlərini məharətlə ifa edərək öz yaş kateqoriyasında bütün rəqiblərini arxada qoymağı bacarmışdır.
Balaca ifaçımız müsabiqədə 100 mümkün baldan 96-na sahib olmaqla Avropanın musiqi arenasında Azərbaycanın daha bir uğuruna imza atmışdır. Bu qalibiyyət sayəsində Z.Abdullayeva, həmçinin Pyetro Arcento adına təqaüdə də layiq görülmüşdür.
Züleyxa Abdullayeva demişdir ki, müsabiqənin qalibi adını qazanması İncəsənət Gimnaziyasında ona fortepiano ifaçılığını öyrədən musiqi müəllimi Nigar Nəcəfzadənin səyləri sayəsində mümkün olmuşdur.