Tayvanda beynəlxalq uşaq folkloru festivalı başa çatıb
19.8.2016

Tayvanda keçirilən Yi-lan beynəlxalq uşaq folkloru və folklor oyunu festivalı başa çatıb. Festivalda ölkəmizi Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin 11 nömrəli onbirillik musiqi məktəbi və V.Mustafazadə adına 2 nömrəli uşaq incəsənət məktəbinin şagirdlərindən ibarət birləşmiş “Aysel-Buta” folklor qrupu təmsil edib.

Festivalda Azərbaycanın xalq çalğı alətlərində - nağarada “Ritmlər”, tarda “Şur”, kamançada “Mahur”, habelə qarmonda “Segah”, klarnetdə “Çahargah”, fortepianoda “Bayatı-şiraz” muğamları və “Aysel-Buta” folklor qrupu tərəfindən “Yallı”, “Nəlbəki”, “Naz eləmə” rəqsləri ifa olunub.

Qeyd edək ki, Azərbaycan mətbəxi gününün də keçirildiyi festivalda ölkəmizin qədim və zəngin mədəniyyətinin təbliği, habelə milli geyimlərin nümayişi tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

azertag.az