Bu gün Bakıda “Quşçuların Beynəlxalq Forumu” keçirilib.
Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev qeyd edib ki, ölkədə sahibkarlığın inkişafı Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu iqtisadi siyasətin prioritet istiqamətlərindəndir. Onun sözlərinə görə, dünya əhalisinin sürətlə artması nəticəsində ərzaq təhlükəsizliyinin əsas problem olduğu dövrdə hər bir ölkə öz əhalisini ərzaq məhsulları ilə təmin etmək üçün bir sıra dövlət proqramları həyata keçirir.
M. Musayev bildirib ki, son illər ölkədə özəl sektorun inkişaf etdirilməsi istiqamətində mühüm qərarlar qəbul edilir: “Sahibkarlıq yeni dövrə qədəm qoyur. İqtisadiyyatın bir çox sahələri kimi, respublikada quşçuluğun daha da inkişaf etdirilməsi daim dövlətin diqqət mərkəzindədir. Azərbaycanda quşçuluq sahəsi son illər sürətlə inkişaf edir. Ölkədə istehsal olunan yüksək keyfiyyətli quş əti daxili tələbatı ödəyir. Bununla yanaşı, xarici ölkələrə ixrac potensialı da yaradılıb. İntensiv inkişaf sayəsində ölkə quş ətinə olan tələbatın 98%-ni, yumurtaya olan tələbatın 100%-ni yerli istehsalı ilə təmin edir. Belə ki, bu ilin yanvar-iyun aylarında quşçuluq fabriklərində diri çəkidə 30,4 min ton quş əti, 342,9 milyon ədəd yumurta istehsal olunub. Ümumilikdə fabriklər üzrə cəmi quşların sayı 10,2 milyon baş olub, hər yumurtlayan toyuqdan orta hesabla 106 ədəd yumurta alınıb”.
Azərbaycan Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev quşçuluq sahəsindəki mövcud vəziyyətdən, həmin sahənin müasir standartlara uyğun məhsul istehsalı qabiliyyətindən söhbət açıb. O bildirib ki, 2009-cu ildən başlayaraq Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına quşçuluqla məşğul olanlara kreditlər verilib: “Nəticədə yeni quşçuluq kompleksləri inşa olunub, fəaliyyət göstərən fabriklər yenidən qurulub və müasir avadanlıqla təchiz olunub. Bu gün quş məhsulları istehsalı əvvəlki illərə nisbətən bir neçə dəfə artıb. İllik quş əti istehsalı 100 min tona, yumurta istehsalı 1,5 milyard ədədə çatıb. Ölkə əhalisinin quş məhsullarına olan tələbatı yerli istehsal hesabına tam təmin olunur”.
Avrasiya Quşçuluq Assosiasiyasının prezidenti Sergey Şabayev təşkilatın qarşısında duran hədəflərdən söhbət açıb. O bildirib ki, bu sahənin inkişaf etdirilməsi üçün böyük imkanlar var: “Bu sahədə qarşılıqlı əməkdaşlıq Azərbaycanda quşçuluğun inkişafına təkan vermiş olar”.
S.Şabayev qeyd edib ki, hazırda quş ətinin ixracı üçün xarici bazarlar axtarılır: “İlkin olaraq MDB ölkələrinə çıxış nəzərdə tutulub, ölkədə ilk dəfə olaraq kənd təsərrüfatının quşçuluq sahəsində daxili tələbatı ödəməklə yanaşı, xaricə ixrac imkanı da yaradılıb”.
Daha sonra forum ayrı-ayrı sessiyalarla öz işini davam etdirib.
Qeyd edək ki, ötən il keçirilən Beynəlxalq Quşçuluq Forumu çərçivəsində ASK ilə Avrasiya Quşçuluq Assosiasiyası arasında birgə əməkdaşlıq müqaviləsi imzalanıb. Bu sənəd əsasında iki təşkilat arasında təcrübə mübadiləsi aparmaqla yanaşı, bu sahədə analitik məlumatların hazırlanması, müasir avadanlıqların əldə edilməsi ilə bağlı əməkdaşlıq da həyata keçirilir.
apa.az