Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən yanvar-iyul aylarında 2 min 291 nəfər, o cümlədən əlilliyi olan 93 şəxs peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunub.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bu dövrdə 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinə peşə hazırlığına qəbul edilən gənclərin sayı isə 194 nəfər təşkil edib. Beləliklə, ümumilikdə 2 min 485 nəfər peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilib ki, onlardan 287-si və ya 11,5 faizi əlilliyi olan insanlardan ibarət olub. Dərzi, kompyuter istifadəçisi, kompyuterçi-dizayner, elektrik montyoru, avtomobil təmiri üzrə çilingər, əməliyyatçı mühasib, kompyuter texnikasının təmiri, elektrik qaynaqçısı, qənnadçı, tornaçı, xalçaçı, bərbər, mebel quraşdırıcısı və s. peşələr üzrə təşkil olunan kursları bitirənlərə sertifikatlar verilib.
Bundan əlavə, yuxarı sinif şagirdlərindən ibarət 63 min 203 nəfərə peşəyönümü məsləhətləri verilib.
azertag.az