Daşkənddəki "Qonaqpərvərlik və İnformasiya xidməti" Qeyri Hökumət Təşkilatı Kibray şəhərində qardaş ölkənin müstəqilliyinin 25 illiyinə həsr edilmiş dəb sərgisi keçirib.
Tədbirdə Özbəkistanın tanınmış şəxsləri, bu ölkədə fəaliyyət göstərən mədəniyyət mərkəzlərinin nümayəndələri, jurnalistlər iştirak ediblər.
Təşkilatın rəhbəri Ədalət Nəsirova özbək milli paltarları haqqında məlumat verib. O, tədbirin əsas məqsədinin xalqların yüz illərlə yaratdığı geyim mədəniyyətini nümayiş etdirmək, milli adət və ənənələrin təbliği olduğunu qeyd edib.
Sərgi çərçivəsində Özbəkistanın regionları üçün spesifik olan milli geyimlər nümayiş olunub. Buxara, Fərqanə, Margilan, Sırxandərya, Cızzax və Daşkənd vilayətlərinin geyimləri iştirakçıların alqışları ilə qarşılanıb.
Ölkəmizi tədbirdə Azərbaycan Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzi təmsil edib.
Geyim kolleksiyasına aid olan Qarabağ geyimləri sərgidə böyük maraqla qarşılanıb. "Sarı gəlin" xalq mahnısının sədaları altında nümayiş olunan Qarabağ geyimlərini Daşkənddəki "Zarqaynar libaslar evi"nin modelyerləri təqdim edib. Kolleksiyada əsasən Qarabağın XVII-XIX əsrlərə aid bir sıra mərasim, toy libasları, şənlik geyimləri, Qarabağın zadəgan xanımlarının geyimləri, qadın və kişi libasları daxil olub.
İştirakçılara Azərbaycan xalqının Qarabağ bölgəsində yaratdığı milli mədəniyyət nümunələri haqqında məlumat verilib.
Tədbir çərçivəsində qonaqlar Azərbaycan milli şirniyyatlarına qonaq edilib.
Sərgidə ənənəvi özbək incəsənəti və əl işləri də nümayiş etdirilib, iştirakçılar milli yeməklərə qonaq edilib.
Tədbirin bədii hissəsində Özbəkistanın xalq artistləri Axmadcan Şükürov, Maxmutcan Azimov və "Sabo" Milli Rəqs Teatrının aktyorları çıxış ediblər.
Sonda AMM-nin təqdim etdiyi Qarabağ geyimləri Təşkilat Komitəsinin mükafatına layiq görülüb.
azertag.az