"PAŞA Bank" "British Council" ilə birgə biznes-jurnalistika proqramına start verib. Layihənin əsas məqsədi jurnalistlər xüsusi hazırlanmış təlim proqramı vasitəsilə milli mətbuata peşəkar bilik və səriştənin artırılmasında dəstək göstərməkdir.
Bankdan bildiriblər ki, layihə Böyük Britaniyanın 100-dən artıq ölkədə fəaliyyət göstərən, Avropanın ən böyük media təşkilatlarından biri sayılan və mətbuatda ən yüksək etik və peşəkar standartları dəstəkləyərək müxtəlif ölkələrdən minlərlə jurnalistlərin kütləvi media vasitələrinin yaradılmasına imkan yaradan "Thomson Fondu"nun təşkilati dəstəyi ilə həyata keçiriləcək. Layihə çərçivəsində 10 seçilmiş iştirakçının media sahəsində xüsusi olaraq hazırlanmış təlim proqramında iştirakı, eləcə də fəal və tam davamiyyəti olan jurnalistlərin Böyük Britaniyaya təlim səfəri nəzərdə tutulub. Səfər zamanı tanınmış qəzet və jurnal, eləcə də digər media müəssisələrinə səfərlər və qabaqcıl jurnalistlərlə görüşlər təşkil olunacaq. Məqsəd qabaqcıl jurnalistlər qrupu yaratmaqla ölkədə düzgün və balanslı məlumatın çatdırılması və Azərbaycanda biznes jurnalistika standartlarının nəzərə çarpacaq dərəcədə inkişaf etdirilməsinə töhfə verməkdir.
Maraqlanan şəxslər ərizə formasını “British Council”ın internet səhifəsindən www.britishcouncil.az yükləməlidirlər. Doldurulmuş ərizə forması, CV ilə birgə 2016-cı il sentyabrın 30-dan gec olmayaraq enquiries@britishcouncil.az elektron poçt ünvanına göndərilməlidir. Uyğun namizədlər müsahibəyə dəvət olunacaqlar.
Qeyd edək ki, 2011-ci ildən başlayaraq keçirilən biznes jurnalistikası layihəsi çərçivəsində "British Council" biznes mövzularını əhatə edən media sahəsində işləyən Azərbaycanın qabaqcıl jurnalistləri üçün təlimlər təşkil edib.
azertag.az