Qroznı şəhərində Çeçenistan Muxtar Respublikasının ilk prezidenti Əhməd-Hacı Kadırovun xatirəsinə həsr olunmuş peşəkar kikboksinq turniri keçirilib.
Turnir çərçivəsində “Axmed” kikboksinq klubunun rəhbəri, Azərbaycanın K-1 ustası Zabit Səmədov “WBC Muaythai” versiyası üzrə dünya çempionu titulu uğrunda rumıniyalı döyüşçü Katalin Moroşanu ilə qarşılaşıb.
Döyüş rəqibin hücumları ilə başlasa da, sonradan müdafiə mövqeyi tutan Zabit gözlənilmədən Moroşanunun sinəsinə güclü diz zərbəsi endirib. Rəqib nokaut vəziyyətinə düşdüyündən, Z.Səmədov qalib elan olunub. Döyüş 1 dəqiqə 13 saniyə davam edib və birinci raundda yekunlaşıb.
Döyüş Rusiyanın “Matç TV” və Türkiyənin NTV telekanalları vasitəsilə də canlı yayımlanıb.
Turnir çərçivəsində kikboksinq, muaytay və klassik boks qaydaları üzrə 13 qarşılaşma keçirilib. Rinqə 11 ölkə – Rusiya, Rumıniya, Belarus, Hollandiya, Xorvatiya, Estoniya, Azərbaycan, Tunis, Özbəkistan, Gürcüstan və Surinam nümayəndəsi çıxıb.
Mərkəzi görüş Zabit Səmədovla Katalin Moroşanu arasında olub və yekunda “Mauquli” ləqəbli Azərbaycan idmançısı “WBC Muaythai” versiyası üzrə dünya çempionu kəmərinə yiyələnib.
azertag.az