YARAT Müasir İncəsənət Məkanında rejissor Amil Məmiyevin “Qara bağ” adlı filmi nümayiş olunub.
YARAT Film Klubunun təşəbbüsü ilə nümayiş olunan ekran əsəri məcburi köçkünlərin hazırkı yaşayış tərzini, Qarabağ həsrətini bir sıra metaforik simvollarla realizə edərək önə çıxarır.
“40-cı paraleldə” kinoalmanaxına daxil olan film dilək ağacına bağlanan “qara düyünlər” mənasını ehtiva edir və Azərbaycanın əbədi-əzəli torpağı olan Qarabağla bağlı hadisələr onun vasitəsilə filmin ümumi kontekstinə köçürülür.
Filmin çəkilişləri Bakıda və Hacıqabul rayonunun Qızıl burun qəsəbəsi yaxınlığındakı qaçqın şəhərciyində aparılıb. Ssenari müəllifi və quruluşçu rejissoru Amil Məmiyev, quruluşçu operatoru Əziz Məmmədov, bədii rəhbəri Cəmil Quliyev, icraçı prodüseri Arif Səfərov, prodüseri Müşfiq Hətəmovdur. Rollarda aktyorlar Vidadi Əliyev, Elxan Abbasov, Rasim Cəfər, Ayşad Məmmədov, Məzahir Həşimov və başqaları çəkiliblər.
Azərbaycan dilində kinosevərlərə təqdim olunan film maraqla qarşılanıb.
azertag.az