Naxçıvan Dövlət Rəsm Qalereyasının fondunda 70-dən çox rəssamın 400-ə yaxın rəsm əsəri var
25.8.2016

Naxçıvan Dövlət Rəsm Qalereyasının fondunda 70-dən çox rəssamın 400-ə yaxın rəsm əsəri mühafizə olunur.

Bu əsərlərdən 80-i ekspozisiya zalında sərgilənir. Sərginin birinci guşəsində ulu öndər Heydər Əliyevə həsr edilmiş rəsm əsərləri diqqəti cəlb edir. Bu rəsmlərdə Azərbaycanın müstəqilliyi və zirvələrdə dalğalanan dövlət bayrağımız böyük ustalıqla təsvir edilib.

Ekspozisiyanın ikinci guşəsi tarixi-mədəniyyət abidələrinə həsr edilib. Burada ulu keçmişimizdən soraq verən abidələrimiz rəssam təfəkkürünün gücü ilə kətana köçürülüb. Naxçıvanın füsunkar gözəlliklərini əks etdirən və mənzərə janrında çəkilmiş əsərlər üçüncü guşədə sərgilənib. Xalça Muzeyi tərəfindən hədiyyə edilən, XX əsrə məxsus rəngli saplarla toxunmuş xalçalar da ekspozisiyaya daha bir gözəllik bəxş edir.

Qalereyada 2012-ci ildən başlayaraq Naxçıvanda keçirilən “Naxçıvan – Bəşəriyyətin beşiyi” adlı beynəlxalq rəsm festivallarında iştirak edən xarici ölkə rəssamlarının hədiyyə etdikləri əsərlər də özünə yer alıb.

Rəsm qalereyasına ölkəmizin digər bölgələrindən üz tutan qonaqlarla yanaşı, xarici ölkələrdən turistlər də gəlirlər. Qonaqlar “Möminə xatın”, “Naxçıvan abidələri”, “Qarabağlar türbəsi”, “Yusif Küseyir oğlu türbəsi”, “İmamzadə” və digər rəsm əsərlərinə maraqla baxırlar.

Naxçıvan Dövlət Rəsm Qalereyasının yaradılmasında məqsəd muxtar respublikada yaşayıb-yaradan rəssamların müxtəlif janrlarda işlədikləri əsərlər haqda rəsm həvəskarlarına məlumat vermək, rəsm əsərlərini qoruyub saxlamaq və gələcək nəslə çatdırmaqdır.

azertag.az