Dünyanın tanınmış stilisti Saşa Breuer (Sascha Breuer) Bakıya gəlib. “Park Bulvar” Ticarət Mərkəzinin piar-meneceri Günay Malikqızının verdiyi məlumata görə, Nyu-York və Londonda işləyən məşhur stilist Milan, Paris, London dəb həftələrinin daimi iştirakçısıdır. Tez-tez dünyanın müxtəlif ölkə və şəhərlərində öz ustalığını nümayiş etdirir. S.Breuer müxtəlif dillərdə çıxan “Vogue”, “Numéro”, “Harper’s Bazzar”, “Glamour”, “Marie Claire”, “Vanity Fair”, “ELLE” kimi dəb və stil jurnalları üçün fotoçəkilişlərdə iştirak edir. Dünyanın ən məşhur dəb fotoqrafları Rankin, Peter Lindberq , Laura Bartli ilə işləyir. Naomi Kempbel, Kristin Devis, İsla Fişer, Yeva Qrin , Ənn Hetuey, Yeva Hertsiqova, Dayana Krüger, Ella Makperson, Darya Verbovı, İsveç şahzadəsi Viktoriya üçün çəkilişlərdə saç stili yaradıb.
G. Malikqızının sözlərinə görə, S. Breuer yalnız bir gün Bakıda olacaq. Məşhur stilist “Park Bulvar” Ticarət Mərkəzində keçiriləcək tədbirdə müasir dəb mərkəzlərinin - Paris, London, Milan, Nyu-Yorkun “Payız-Qış 2011” saç trendlərini modellər üzərində nümayiş etdirəcək və innovativ saç boyaları barədə məlumat verəcək.