Bakıda I Avrasiya konfransı öz işinə başlayıb
29.8.2016

Avqustun 29-da Bakıda Enerji İqtisadiyyatı üzrə Beynəlxalq Assosiasiyanın (IAEE) təşkilatçılığı ilə “Xəzər regionunda inkişaf etməkdə olan enerji iqtisadiyyatları: dəyişikliklər və imkanlar” mövzusunda I Avrasiya konfransı öz işinə başlayıb.

Enerji İqtisadiyyatı üzrə Beynəlxalq Assosiasiyanın prezidenti Gürkan Kumbaroğlu I Avrasiya konfransının keçirilməsində məqsədin dünyanın enerji nəhənglərini Bakıda bir araya gətirmək və IAEE-də Xəzər dənizi regionuna istiqamətlənən fəaliyyətləri inkişaf etdirmək olduğunu deyib. Bildirib ki, konfransda əsas diqqət Xəzər regionu enerjisi ilə bağlı iqtisadi məsələlərə yönəldiləcək və bu mövzu ətrafında müzakirələr aparılacaq.

“Son 10 ildə yüksək enerji qiymətlərinin təsiri ilə Xəzər regionunun neft-qaz hasil edən ölkələri sürətli iqtisadi inkişaf təcrübəsinə malik olsalar da, hazırkı aşağı neft qiymətləri onlara təsirsiz ötüşməyib”, - deyə G.Kumbaroğlu qeyd edib.

Azərbaycanın energetika nazirinin müavini Natiq Abbasov isə ölkəmizin neft hasilatı tarixindən danışıb, “Əsrin müqaviləsi”nin Azərbaycanın karbohidrogen ehtiyatlarının istehsalı və dünya bazarlarına nəqli baxımından əhəmiyyətini vurğulayıb. Bildirib ki, hazırda Azərbaycan nəinki neft, o cümlədən təbii qaz ixracatçısına çevrilib. Hazırda Azərbaycanın təbii qazının Avropaya nəqlini nəzərdə tutan “Cənub Qaz Dəhlizi” layihəsi icra edilir. Bu layihə Avropanın enerji resurslarının şaxələndirilməsi baxımından böyük əhəmiyyətə malikdir.

AZƏRTAC-ın da media sponsoru olduğu və 24 ölkədən ümumilikdə 56 spikerin qatıldığı konfrans avqustun 31-dək davam edəcək.

Qeyd edək ki, konfransın Bakıda təşkil olunması ilə bağlı qərar 2015-ci il mayın 24-də IAEE-nin Antalyada keçirilən İdarə Heyətinin iclasında qəbul edilib.

azertag.az