Alpaqut döyüş növü üzrə Azərbaycan yığma komandası birinci dünya kubokunun qalibi olub.
Gürcüstanın Batumi şəhərində keçirilmiş yarışda Azərbaycanla yanaşı, Türkiyə, İran, Qırğızıstan və Qazaxıstanın alpaqutçuları da öz güclərini sınayıblar.
Azərbaycan idmançıları yarışda 3 sistem üzrə 51 medal (24 qızıl, 22 gümüş, 5 bürünc) qazanaraq digər ölkələrdən olan rəqiblərinə qalib gəliblər. Aypara sistemi üzrə 2 qızıl, 3 gümüş, Batur sistemi üzrə 17 qızıl, 15 gümüş, 5 bürünc, Caymaz sistemi üzrə isə 5 qızıl, 4 gümüş medal qazanmaları Azərbaycan alpaqutçularını birinci edib.
Yarışların ən yaddaqalan məqamlarından biri 18 yaşdan yuxarı idmançıların mübarizə apardıqları qrupda 60 kiloqram çəki dərəcəsində Elvin Mirzəyevin kikboksinq üzrə üçqat dünya çempionu Temuri Glontini məğlub etməsi olub. Digər maraqlı məqamlardan biri isə veteranların qrupunda mübarizə aparan Azərbaycan Alpaqut Federasiyasının Ağdam filialının sədri Ruslan Quliyevin öz çəkisinin 55 kiloqram olmasına baxmayaraq, 75 kiloqram çəki dərəcəsində Batur sistemi üzrə birinci yerə layiq görülməsidir.
Qeyd edək ki, yarışlar Dünya Alpaqut Federasiyası və Gürcüstan Alpaqut Federasiyasının birgə təşkilatçılığı ilə keçirilib.
azertag.az