İnklüziv təhsil üzrə təlim təşkil edilib
30.8.2016

Təhsil nazirinin müvafiq əmri ilə təsdiq edilmiş “İbtidai təhsil pilləsində İnklüziv təhsilin tətbiqi” layihəsinin icrasına başlanılıb.

Təhsil Nazirliyindən bildiriblər ki, layihə çərçivəsində Xətai rayonu 138 nömrəli tam orta məktəb, Nizami rayonu 220 nömrəli məktəb-lisey, Nərimanov rayonu 202 nömrəli məktəb-lisey və Sabunçu rayonu 252 nömrəli məktəb-lisey pilot təhsil müəssisələri kimi seçilib.

2016-2017-ci tədris ilində qeyd olunan məktəblərin hər birində iki sinif olmaqla, 16 nəfər əlilliyi olan şagird birinci sinfə cəlb olunacaq. Pilot məktəblərin pedaqoji heyətindən əlilliyi olan uşaqların təhsilinin inklüziv şəraitdə təşkili üzrə bir sıra bilik və bacarıqlar tələb olunur. Bu məqsədlə avqustun 29-dan sentyabrın 2-dək 4 pilot inklüziv məktəbin pedaqoji heyəti üçün Təhsil Nazirliyi İnklüziv təhsil üzrə təlim təşkil edir. Təlim Bakı şəhəri Xətai rayonu 138 nömrəli tam orta məktəbdə keçirilir. Təlimdə pilot məktəblərin direktorları, loqoped-defektoloqları, ibtidai təhsil üzrə direktor müavinləri və inklüziv siniflərin sinif müəllimləri iştirak edirlər.

azertag.az