"iPhone 7" smartfonunun təqdimat tarixi açıqlanıb
30.8.2016

ABŞ-ın "Apple" Korporasiyası yeni məhsullarının ənənəvi təqdimatlarının keçiriləcəyi tarixi rəsmi şəkildə açıqlayıb. Bu tədbir sentyabrın 7-də San-Fransiskoda "Bill Graham Civic Auditorium" sərgi mərkəzində keçiriləcək və artıq jurnalistlərə "7-sində görüşərik" (See you on the 7th) mətnli dəvətnamələr də paylanılıb.
Tədbirdə "Apple"in yeni əsas məhsulları - "iPhone 7" və "iPhone 7 Plus"un təqdim ediləcəyi gözlənilir. Deyilənlərə görə, yeni model əvvəlkilərdən xüsusi dəyişikliklərlə ciddi fərqlənməyəcək.
"Apple" ənənəsinə uyğun olaraq, yenilikləri barədə onların sərgilənməsinə qədər heç bir məlumatı açıqlamır. Lakin böyük ehtimallara görə, şirkət "iPhone 7" və " iPhone 7 Plus" modellərinin nümayişini keçirəcək.
"BGR" portalının Çinin yeni xəbər mənbələrinə istinadən verdiyi məlumata görə, "iPhone 7" 4,7 düymlü displey ölçüsü, 1344×750 pikselə bərabər, prosessor növü "Apple A10", operativ yaddaşı (RAM) 2 GB, akkumulyatorun həcmi 1960 мAh, əsas kamera 12 MP, f/1,9, habelə su və tozdan təkmilləşdirilmiş mühafizə sistemi ilə təchiz edilib.
"iPhone 7 Plus" isə daha da təkmilləşdirilmiş smratfon olacaq. Yeni modeldə 5,5 düymə malik "Full HD" ekran, operativ yaddaş (RAM) 3 GB, batareya tutumu 2910 mAh və ikili 12 MP kameraya malik xüsusiyyətləri olacaq.
Qeyd edək ki, yeni smartfonların ABŞ və Rusiyada satışına sentyabrın 16-dan başlanılacağı gözlənilir. Azərbaycanda da mobil telefon bazarında daha çox tələb edilən bu modelin satışına oktyabrın sonu-noyabrın əvvəlində başlanılması planlaşdırılır. Bu barədə "Report"a "WorldTelecom" mağazalar şəbəkəsindən bildirilib.
Hazırda Azərbaycanda "Apple"ın ən son modeli olan "iPhone 6S"in qiyməti 1 159 manata, "iPhone 6S Plus" isə 1 399 manata təklif edilir.

report.az