Bakıda görkəmli Azərbaycan şairi Məhəmməd Hüseyn Şəhriyarın “Heydərbabaya salam” poemasından rus dilinə tərcümə olunan 18 bənd şeirin yer aldığı kitabın təqdimatı olub. Nəşr ustad Şəhriyarın anadan olmasının 110 illiyinə həsr edilib.
Kitabdakı şeirlər Azərbaycan-Amerika Mədəni Assosiasiyasının üzvü, ABŞ-da yaşayan həmyerlimiz, yazıçı-publisist Nobert Yevdayev tərəfindən tərcümə olunub.
Beynəlxalq Muğam Mərkəzində baş tutan tədbirdə çıxış edən Nobert Yevdayev deyib: “Heydərbabaya salam poeması” bütün türkdilli ölkələrdə sevilir. Təəssüf edirəm ki, bu əsər başqa dillərə tərcümə olunmayıb. Mən ilk dəfə sözügedən poemanı rus dilinə tərcümə etdim. Kitabda poemadan 18 bənd yer alır”.
N.Yevdayev qeyd edib ki, bu şeiləri Nyu-Yorkda yaşayan azərbaycanlı bəstəkar Ruslan Ağababayevin “Heydərbabaya salam” poeması əsasında yazdığı kantatadan təsirlənərək tərcümə edib.
Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin katibi, yazıçı-publisist İlqar Fəhmi çıxış edərək kitabın əhəmiyyətindən söz açıb.
Qeyd olunub ki, ömrü boyu ədəbiyyata, poeziyaya xidmət edən görkəmli şairin əsərinin tərcüməsi olduqca əlamətdardır. Vurğulanıb ki, dünyada yaşayan bütün azərbaycanlılar üçün birlik məşəlinə çevrilən Şəhriyar yaradıcılığı hər zaman soydaşlarımızı həmrəyliyə səsləyib.
Ədibin yaradıcılığının bütün dünya dillərinə tərcümə olunmasının vacibliyini qeyd edən natiq, sözügedən kitabın ərsəyə gəlməsində xidmətləri olan hər kəsə təşəkkürünü bildirib.
Nəşrin tərtibatında Əməkdar Rəssam İsmayıl Məmmədovun illüstrasiyalarından istifadə olunub.
Tədbir musiqili, ədəbi-bədii gecə ilə davam edib.
azertag.az