Sentyabrın 1-dən 14-dək Bakıda keçiriləcək 42-ci Dünya Şahmat Olimpiadası ilə əlaqədar Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsi sürücülərə və avtomobil sahiblərinə müraciət edib.
Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin ictimai əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, artıq bu tədbirdə iştirak edəcək idmançıların, qonaqların Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanması və otellərdə yerləşdirilməsinə başlanılıb. Milli Gimnastika Arenasında keçiriləcək açılış mərasimindən sonra “Baku Crystal Hall”da davam edəcək yarışın iştirakçılarının hərəkətinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə paytaxtın mərkəzində yerləşən otellərdən yarışın keçiriləcəyi arena istiqamətində onların yol polisi tərəfindən müşayiəti təmin olunacaq.
Bunu nəzərə alaraq Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsi sürücülərə, avtomobil sahiblərinə və əhaliyə müraciət edərək bildirir ki, yarışın ölkəmiz üçün əhəmiyyətini nəzərə alaraq mərkəzi küçələrdə, xüsusilə otellərin yerləşdiyi ərazilərdə, eləcə də həmin ərazilərə bitişik küçə, prospekt və yollarda şəxsi avtomobillərdən az istifadə etsinlər. Əsasən paytaxtın Azadlıq, Neftçilər prospektləri, Zərifə Əliyeva, Rəsul Rza, Üzeyir Hacıbəyli küçələrində, “Azneft dairəsi”, Azadlıq meydanı, Bayraq Meydanı istiqamətlərində və həmin ərazilərə paralel, bitişik küçələrdə diqqətli olsunlar.
Bununla yanaşı, paytaxtın mərkəzi hissəsində yerləşən otellər, onlara bitişik küçə və yollarda da təhlükəsizlik tədbirlərinin görülməsi nəzərdə tutulur.
azertag.az