İmişli taxılçıları bu il 55 min tondan çox məhsul tədarük ediblər
31.8.2016

İmişli rayonunun fermer və torpaq mülkiyyətçiləri 55 min 310 ton məhsul tədarük ediblər ki, bu da ötən ildəkindən xeyli çoxdur.

Rayon Statistika idarəsindən bildirirlər ki, bu mövsümdə 6 min 182 hektar arpa və 10 min 820 hektar buğda sahəsinin məhsulu yığılıb. Havaların əlverişli keçməsi, taxıl sahələrinə vaxtında mineral və üzvi gübrələrin verilməsi nəticəsində sahələrdə bol məhsul yetişib. Taxıl istehsalı ilə məşğul olan mülkiyyətçilərə dövlət tərəfindən yanacaq və sürtgü yağlarına görə güzəşt edilməsi, subsidiya verilməsi bu sahəyə marağını ilbəil artırır.

Biçin kampaniyasını mütəşəkkil keçirən İmişli taxılçıları arpa sahələrinin hər hektarından 30, buğda sahələrinin hər hektarından isə 34 sentner məhsul götürüblər. Toxumçuluq təsərrüfatlarında məhsuldarlıq daha yüksək olub.

azertag.az