Mərkəzi Seçki Komissiyası “Trenerlər üçün treninq”lərə başlayıb
1.9.2016

Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə 2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsi (referendum) ilə əlaqədar Mərkəzi Seçki Komissiyası (MSK) aşağı seçki komissiyaları üzvlərinin maarifləndirilməsi proqramı çərçivəsində “Trenerlər üçün treninq”lərə start verib.

Qeyd etmək lazımdır ki, dairə və məntəqə seçki komissiyaları üzvlərinin peşə hazırlığının yüksəldilməsi, seçkilər (referendum) sahəsində onların bilik, bacarıq və işgüzar vərdişlərinin daha da təkmilləşdirilməsi məqsədi ilə mütəmadi şəkildə hər seçki (referendum) dövründə keçirilən treninq layihəsinin əsası hələ 2002-ci ildə müxtəlif beynəlxalq təşkilatlarla əməkdaşlıq şəraitində qoyulub.

Mərkəzi Seçki Komissiyası Katibliyinin media və ictimai əlaqələr şöbəsindən bildiriblər ki, cari ildə keçiriləcək ümumxalq səsverməsi (referendum) ilə əlaqədar MSK iki mərhələli treninq layihəsi hazırlayıb. Artıq start götürmüş birinci mərhələdə treninqlərin seçki dairələrinin hər birindən 2 nəfərin iştirakı ilə keçirilməsi və dörd gün davam etməsi nəzərdə tutulur. Əyani vəsaitlərdən istifadə edilməkə keçirilən “Trenerlər üçün treninq”də iştirakçılara seçki məntəqələrinin səsverməyə hazırlanması, səsvermə prosesi, səsvermə günü müstəsna hallar, səslərin sayılması və protokolların doldurulması da daxil olmaqla, bütün səsvermə günü prosedurları barədə ətraflı məlumat verilir.

Tədbir zamanı, həmçinin MSK-nın Treninq qrupunun mütəxəssisləri tərəfindən seçki günü icra olunan müxtəlif prosedurlarla bağlı praktiki məşğələlər keçirilir, səslərin hesablanmasında xüsusi trafaretdən istifadə qaydaları ilə bağlı MSK tərəfindən hazırlanmış xüsusi video-çarx göstərilir, səsvermə günü prosedurları ilə bağlı müxtəlif aktual mövzularda təqdimatlar edilir, müzakirələr aparılır və meydana çıxan suallar cavablandırılır.

Treninqlərin 2-ci mərhələsi olan aşağı seçki komissiyaları üzvlərinin treninqinə sentyabrın 6-dan başlanacaq və bu treninqlər seçki dairələri üzrə məntəqə seçki komissiyalarının sayına müvafiq olaraq təqribən 10 gün davam edəcək. Yeri gəlmişkən, onu da bildirək ki, aşağı seçki komissiyalarının üzvləri üçün treninqlərin keyfiyyətinin və səmərəliliyinin daha da artırılması məqsədilə MSK-nın Treninq qrupu tərəfindən yerlərdə keçiriləcək treninqlərin cədvəli hazırlanıb və treninqlərin kiçik qruplar şəklində - hər treninq sessiyasında 36 nəfərədək komissiya üzvünün iştirakı ilə keçirilməsi nəzərdə tutulub. Treninqlər zamanı hər bir aşağı seçki komissiyası üzvünə MSK tərəfindən hazırlanmış "Seçki günü üçün Yaddaş” kitabçası, səsvermənin nəticələri haqqında protokol nümunəsi, səslərin hesablanmasında trafaretdən istifadə qaydaları ilə bağlı video-çarx və bir sıra digər zəruri materiallar təqdim olunacaq.

Kifayət qədər irimiqyaslı maarifləndirmə tədbiri olan treninqlər, ümumilikdə, 30 mindən artıq aşağı seçki komissiyası üzvünü əhatə edir.

azertag.az