Bakı Dövlət Universitetinin 97 yaşı tamam olur
1.9.2016

Bakı Dövlət Universitetinin (BDU) yaranmasından 97 il ötür. 1919-cu il sentyabrın 1-də Azərbaycan Xalq Cümhuriyyəti Bakıda universitetin təsis edilməsi ilə bağlı qərar qəbul edib və onun nizamnaməsi təsdiq olunub. Beləliklə, Avropa və Asiyanın qovuşuğunda yeni bir ali təhsil ocağı – Bakı Dövlət Universiteti yaradılıb.

İlk tədris ilini tarix-filologiya, tibb fakültələri və 44 müəllimlə başlayan BDU 97 illik fəaliyyəti dövründə Azərbaycanın elm, təhsil və mədəniyyət tarixində böyük rol oynayıb. Universitetin məzunları respublikada ali təhsil şəbəkəsinin qurulmasında, elmi məktəblərin genişlənməsində, ziyalı təbəqəsinin formalaşmasında və müstəqil Azərbaycanın çiçəklənməsində xüsusi xidmətlər göstəriblər.

Bu gün təbiət, fundamental, humanitar və sosial elmlər sahəsi üzrə çoxprofilli ali təhsil ocağı olan BDU-nun 17 fakültəsində bakalavriat pilləsində 60, magistratura pilləsində isə 37 ixtisas və 204 ixtisaslaşma üzrə təhsil alan tələbələrin sayı 21 mindən çoxdur.

azertag.az