“Zvyazda” nəşriyyat evinin baş redaktoru Aleksandr Karlyukeviç mətbuat konfransında bildirib ki, sentyabrın 3-də, Belarus Əlifbası Günü ərəfəsində Minskdə “Həmahənglik: Skorinanın sözləri müasir dünyada” mövzusunda “dəyirmi masa” keçiriləcək.
Belarus Milli Kitabxanasında keçiriləcək “dəyirmi masa”da 14 ölkədən gələn yazıçılar iştirak edəcəklər.
Azərbaycan, Rusiya, Serbiya, Monteneqro, Ukrayna, Qazaxıstan, Tacikistan, Çin və digər ölkələrdən olan yazıçılar Minskə gələcəklər. A.Karlyukeviç qeyd edib ki, ötən illər ərzində artıq ənənəyə çevrilmiş bu tədbirin iştirakçıları arasında səmimi dostluq və tərəfdaşlıq əlaqələri yaranıb.
“Polımya” jurnalının oxucuları Azərbaycandan və Ukraynadan olan ədəbiyyatşünasların klassik və müasir Belarus ədəbiyyatının ən yaxşı nümunələri haqqında əsərləri ilə tanış olacaqlar.
Belarus Əlifbası Günü hər il sentyabr ayının birinci bazar günü milli bayram kimi qeyd edilir. Bu il həmin bayram sentyabrın 4-də Roqaçyov şəhərində qeyd olunacaq.
azertag.az