Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə Sevinc Osmanovanın “C” kateqoriyası üzrə icra etdiyi “Barmaqlardan süzülən xallar” – Azərbaycan xalçaları” adlı layihə çərçivəsində Şəmkir rayonunda növbəti tədbir keçirilib.
Layihənin müəllifi bildirib ki, layihənin əsas məqsədi gənc və yeniyetmə qızların maddi mədəniyyətimizin bir qolu olan xalçaçılıq sənətinə, adət-ənənələrimizə, dövlətə, millətə sədaqət ruhunda tərbiyə edilməsi istiqamətində onlara Azərbaycan xalçaçılıq sənətinin tarixi köklərini, sirlərini öyrətməkdir.
Azərbaycan xalçaları sənət sahəsi kimi həm coğrafi mövqeyinə, həm də naxış, kompozisiya, rəng həlli və texniki xüsusiyyətlərinə görə şərti olaraq 7 xalçaçılıq məktəbinə bölünür. Layihə az rənglərlə ahəngdar kolorit yaradan, öz naxışları ilə hələ orta əsrlərdə Avropa rəssamlarının marağını cəlb edən Gəncə-Qazax xalçalarından, Qazax xalçaçılıq məktəbindən bəhs edir. Layihədə iştirak edən gənc xanımlar təlimlərdə xalça sənətinin spesifikliyi haqqında biliklər qazanıb, habelə müxtəlif xalça muzeylərinə ekskursiyalar edib, xalça toxuma sənətinin sirləri ilə tanış olublar.
azertag.az