Aygün Kazımova “Miss Civilization of the World-2012”nin siması seçilib - Foto
26.7.2012

Azərbaycanda ilk dəfə “Miss Civilization of the World-2012” (“Mədəniyyətlər Gözəli-2012”) gözəllik müsabiqəsi keçiriləcək.

Müsabiqə ilə bağlı mətbuat konfransı keçirilib.

Müsabiqənin Azərbaycanda təşkilatçısı, tanınmış teleprodüser Kamal Cenk İçten layihə ilə bağlı ətraflı məlumat verib.

O bildirib ki, Azad Azərbaycan Teleradio Şirkətinin və “CFC Organization” ilk dəfə Azərbaycanda “Miss Civilization of the World-2012” gözəllik müsabiqəsi keçirir.

Müsabiqənin bəzi qaydaları ilə jurnalistləri tanış edən təşkilatçı, finala iştirak etmək üçün əvvəlcə Azərbaycan seçimi aparılacağını söyləyib.

“16-28 yaş arası boyu 170 santimetrdən yuxarı olan, gözəlliyini, zəkasına, savadına, mədəniyyətinə güvənən xanımlar bu müsabiqədə iştirak edə bilərlər. İştirak etmək üçün sənəd verən xanımlar arasında seçim aparılacaq.

Müsabiqənin Azərbaycan finalına 20 ən layiq iştirakçı vəsiqə qazanacaqlar. 20 iştirakçı məlum olduqdan sonra final gecəsinədək onların məşğələləri keçiriləcək. Avqustun sonuna yaxın Azərbaycan seçiminin final gecəsi keçiriləcək”.

Təşkilatçı onu da qeyd edib ki, Azərbaycan üzrə müsabiqənin siması Azərbaycanın xalq artisti Aygün Kazımova seçilib. Xalq artisti həmçinin münsiflər heyətində təmsil olunacaq.

Münsiflər heyətində dünyanın və Türkiyənin model sənətinin məşhur simaları da əyləşəcəklər. Bunu da K.İçtən deyib.

Müsabiqəyə dünyanın bir çox ölkələri - Türkiyə, Albaniya, Tunis, Kipr, İspaniya, Gürcüstan, Ukrayna, Rusiya, Özbəkistan, İsrail, Qırğızıstan, Qazaxıstan da daxil olmaqla, ümumilikdə 24 ölkə iştirak edəcək və hər bir ölkəni təmsil edən iştirakçısı Azərbaycanı tanıtmaq üçün gəzinti təşkil olunacaq.

K.İçtən müsabiqənin proqramı haqqında qısa məlumat verib.

“Müsabiqədə ilk olaraq hər bir ölkə öz milli geyimində səhnəyə çıxacaq, daha sonra bütün ölkə təmsilçiləri “Sarı gəlin” xalq mahnısının sədaları altında Azərbaycan milli geyimində, daha sonra gecə libası, gəlinlik və idman geyimlərində səhnəyə çıxacaqlar.

“Çimərlik geyimi olmayacaq. Çünki biz düşündük ki, bu, mədəniyyət yarışmasıdır və açıq-saçıqlıqdan uzaq olsun”.

Layihənin təşkilatçısı əlavə edib ki, hazırda qalib ölkənin iştirakçısının başına qoyulacaq tac hazırlanır. Tac brilyant qaşlarla bəzədilmiş 12-15 min avro dəyərində olacaq.

Müsabiqənin əsas finalı sentyabrın 10-dan 25-dək keçiriləcək.

Qeyd edək ki, müsabiqənin Azərbaycanda təşkilatçısı tanınmış teleprodüser Kamal Cenk İçtendir. Təşkilat komitəsinin sədri Fərid Bağırov, koordinatoru Cengiz Aşkın, koordinator köməkçisi Gökhan Göktürk və rejissor Pərviz Əzimzadədir.


Gün.Az