“Renault Twizy” mükafat alıb
26.7.2012

Dünya dizayn sahəsinin ən nüfuzlu – “Red dot award” mükafatının sahibi “Renault Twizy” olub.

30 nəfərlik ekspertdən ibarət beynəlxalq münsiflər heyəti, müsabiqədə iştirak edən 4515 iddiaçı arasında məhz “Renault Twizy”-ni məhsul dizaynı üzrə 2012-ci ilin “Yaxşıların yaxşısı” mükafatına layiq görüb.

“Twizy” modeli “Renault”-un bu mükafatı əldə etmiş ikinci avtomobili olub. Bundan öncə isə analoji mükafat 2003-cü ildə “Mégane” üçün təqdim olunmuşdu.

Münsiflər heyəti səsvermə zamanı dizayn, manevr etmə qabiliyyəti, orijinal erqonomiklik və təhlükəsizlik sistemi kimi göstəriciləri nəzərə alıblar.

“Renault İdman Texnologiyaları” şirkətinin dizayn üzrə direktoru “Erik Dyemer” “Twizy”-nin dizayn və funksionallığını “red dot awards” müsabiqəsinin jürisi tərəfindən yuksək qiymətləndirilməsindən çox məmnun olduğunu bildirib.

“Biz sadə istismar xüsusiyyətlərinə önəm verərək, yeni şəhər nəqliyyatı vasitəsini göstərmək niyyətində idik. İlk öncə biz avtomobilin ön hissəsinin dizaynına diqqət yetirmişik. Vəzifəmiz “Twizy”-yə ilk baxışdan qayğısız görkəm verməkdən ibarət idi.

Qazandığımız mükafatı, “Renault” məhsullarının yaranmasında mühüm amil -“İnnovasiyalar hamı üçün!” strategiyasının reallaşdırılması yolunda növbəti addım kimi qiymətləndiririk. Biz bundan sonrada avtomobillərimizin texnoloji cəhətdən inkişafı və cazibədarlığı üzərində apardığımız işləri davam etdirəcəyik” – deyə, E.Dyemer qeyd edib.

Qeyd edək ki, “red dot design awards” müsabiqəsi 1955-ci ildə təsis edilib. Onun mükafatları dizayn sahəsinin beynəlxalq keyfiyyət etalonu kimi qiymətləndirilir. 2011-ci ildə müsabiqəyə 70-dən artıq ölkədən 14 000 ərizə daxil olub.


Gün.Az