Sankt-Peterburq - Bakı aviareysinə biletlərin qiyməti endirilib
26.7.2012

«Rossiya» aviaşirkəti Sankt-Peterburqdan yerinə yetirdiyi MDB ölkələrinin 9 şəhərinə aviareyslərin biletlərinin qiymətlərini endirib.

Şirkətin Bakı ofisindən verilən məlumata görə, avqustun 15-dək «Rossiya» aviaşirkəti xüsusi endirim kampaniyası keçirir. Kampaniya çərçivəsində cari ilin sentyabrın 24-dən dekabrın 21-dək olan müddət ərzində uçuşlara biletlər endirimlə satılır. Endirimli qiymətlə biletlər avqustun 15-dək alınmalıdır.

«Aviaşirkət Sankt-Peterburqdan Bakı, Kiyev, Odessa, Simferopol, Almatı, Astana, Bişkek, Qaraqanda və İrəvan istiqamətlərinə biletləri endirimlə təklif edir. Belə ki, Sankt-Peterburq - Bakı marşrutu üzrə bir biletin minimal qiyməti 130 avro, hər iki istiqamətə isə 250 avro təşkil edir», - deyə aviaşirkətdən bildirilib.

Kiyevə biletin qiyməti müvafiq olaraq 105 avro və 210 avro, Odessaya 115 avro və 220 avro, Simferopola 130 avro və 220 avro, Almatı və Astanaya 115 avro və 210 avro, Bişkekə 140 avro və 260 avro, Qaraqandaya 140 avro və 280 avro, İrəvana isə 110 avro və 200 avro təşkil edir.

Eyni zamanda «Rossiya» aviaşirkəti bir sıra Avropa şəhərlərinə də biletlərin qiymətini endirib.

Qeyd edək ki, aviabiletlərin qiyməti vergi və yığımsız göstərilib və yalnız ekonom sinfinə şamil edilir.

Xatırladaq ki, «Rossiya» aviaşirkəti Bakıdan Sankt-Peterburqa uçuşları hər həftənin I və V günləri saat 13:00-da, III və VI günləri isə saat 21:40-da yerinə yetirir. Sözügedən marşrut üzrə uçuşları hər həftənin III, V və VII günləri «Azərbaycan Hava Yolları» QSC (AZAL) da həyata keçirir.

APA