Yeni dərs ilində Bakıda I sinfə 48 minə yaxın şagirdin qəbulu gözlənilir
2.9.2016

2016-2017-ci dərs ili üçün Bakı şəhəri üzrə I sinfə 48 minə yaxın şagirdin qəbul olunacağı gözlənilir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) bildiriblər ki, bugünkü məlumata əsasən, “mektebeqebul.edu.az” saytı vasitəsilə 45 min 742 valideyn məktəb, lisey və gimnaziyalara sorğu yerləşdirib. Onlardan 42 min 892 nəfəri övladlarının təhsil alması üçün ümumtəhsil məktəblərini, 2 min 850 nəfəri isə lisey və gimnaziyaları seçib.

Məktəblərdə I sinfə qəbul prosesi sentyabrın 15-də yekunlaşacaq. Uşaqlarının I sinfə qəbulu üçün qeydiyyatdan keçməkdə gecikən valideynlər isə oktyabrın 15-dək BŞTİ-yə ərizə ilə müraciət edə biləcəklər.

Qeyd edək ki, Azərbaycan Respublikası təhsil nazirinin müvafiq əmrinə əsasən, 2016-2017-ci dərs ili üçün I sinfə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsi prosesinə cari il martın 1-də başlanılıb.

azertag.az