600-dən yüksək bal toplayan 291 tələbə UNEC-i seçib
5.9.2016

Bu il ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında uğur qazanaraq tələbə adına layiq görülənlər barədə nəticələr məlum olub. Belə ki, respublika üzrə qəbul planı 83,3 faiz yerinə yetirildiyi halda, Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) plan yerləri ötən iki illə müqayisədə ən yüksək nəticədə, 96,5 faizlə yerinə yetirilib. Bu göstərici UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbində və türk dünyası işlətmə fakültəsində 100 faiz olub.

UNEC-dən bildiriblər ki, ötən illərlə nisbətdə ən yüksək bal toplayanların bu ali təhsil ocağına qəbul sayında da ciddi irəliləyişə nail olunub. Belə ki, imtahanlarda 600 və daha yüksək bal toplayan 291 nəfər UNEC-i seçib. Bu rəqəm 2013-ci ildə 49, 2014-cü ildə 92, 2015-ci ildə isə 103 nəfər olub. Beynəlxalq İqtisadiyyat Məktəbinə qəbul olan 170 tələbənin hamısı 600 və daha yüksək bal toplayıb. II ixtisas qrupunda respublika üzrə 600 və daha çox bal toplayan 652 nəfərin 288-nin (44 faiz) seçimi məhz UNEC olub. Ölkə üzrə II qrupda qəbul olan 9 min 765 nəfərin 2 min 679-u (27 faiz) UNEC-in tələbəsi adını qazanıb.

Bu universitetə qəbul olan tələbələrin nəticəsinə əsasən, orta balda da artım müşahidə edilib. 2014-cü və 2015-ci illərdə göstərici müvafiq olaraq 391 və 396 bal olduğu halda, 2016-cı ildə bu rəqəm 421 baladək yüksəlib. Orta bal göstəricisinin maksimal həddi Beynəlxalq İqtisadiyyat Məktəbində qeydə alınıb. Belə ki, ötən illə müqayisədə göstərici 96 bal artaraq 635 olub.

Bundan əlavə, aşağı balla UNEC-ə qəbul olanların sayında da azalma müşahidə edilib. İmtahanlarda 300 baladək nəticə göstərən tələbələr 2014-cü ildə 22,4 faiz, 2015-ci ildə 20,1 faiz təşkil etdiyi halda, builki rəqəm 18,7 faizədək azalıb. Müsbət məqamlardan biri də odur ki, universitetə qəbul olan tələbələrin 98 faizinin ilk seçimi məhz UNEC olub.

Bu il UNEC-in birinci kursuna qəbul olanlar sırasında bir nəfər 700, 59 nəfər isə 650 və daha çox bal toplayan var.

azertag.az