Sentyabrın 5-də Azərbaycanın görkəmli teatr və kino aktyoru, Xalq Artisti Siyavuş Aslanın anadan olmasının 81-ci ildönümü tamam olur.
Siyavuş Aslan bütün janrlarda özünü təsdiq etməyi bacaran sənətkarlardan olub. O, yaratdığı obrazlarla təkcə tamaşaçını güldürməyib, eyni zamanda, onu düşündürməyi bacarıb. Siyavuş Aslan yaradıcılığında cəmiyyətin diqqət mərkəzində olan problemləri bütün dərinlikləri ilə tamaşaçının yaddaşında həkk etdirə bilib.
Müasir Azərbaycan mədəniyyətində özünəməxsus yer tutan Siyavuş Aslan zəngin yaradıcılıq axtarışları ilə milli teatr və kino sənətinin inkişafına dəyərli töhfələr verib. Aktyor təkrarolunmaz fərdi ifadə üslubu və manerasında teatr mədəniyyətimizin yumor ənənələrini bütün yaradıcılığı boyu bədii-estetik prinsiplərə uyğun, novatorcasına davam etdirib. Sənətkarın çoxsaylı tamaşalarda və bədii filmlərdə öz improvizə məharəti sayəsində ustalıqla canlandıraraq xarakter səviyyəsinə qaldırdığı obrazlar yüksək komizmi, incə yumoru və dərin psixoloji yozumu ilə səciyyələnib.
Azərbaycan realist aktyor məktəbinin görkəmli nümayəndələrindən olan Səyavuş Aslan 1935-ci il sentyabrın 5-də Bakıda dünyaya göz açıb. Aktyorluğa həvəskar kimi dram dərnəyindən başlayıb. O, 1963-1969-cu illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda musiqili komediya aktyorluğu ixtisası üzrə ali təhsil alıb.
Əmək fəaliyyətinə 1957-1958-ci illərdə Azərbaycan Dövlət Estrada Birliyində başlayan Siyavuş Aslan 1958–1959-cu illərdə Quba Dövlət Dram Teatrında, 1959-1984-cü illərdə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında, 1984–1994-cü illərdə isə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında aktyor kimi çalışıb. 1994-cü ildə o, Azərbaycan Dövlət Musiqili Komediya Teatrına bədii rəhbər təyin edilib. 1996-cı ildə Siyavuş Aslan yenidən Akademik Milli Dram Teatrına qayıdaraq ömrünün sonunadək taleyini bu sənət ocağı ilə bağlayıb.
Teatr aktyorluğu sahəsində görkəmli sənətkar kimi tanınan Siyavuş Aslan həm də məşhur kino ustası olub. Onlarla filmdə müxtəlif xarakterli sadə insanların, müftəxorların, fırıldaqçıların obrazlarını kinolentin yaddaşında yaşadıb. Siyavuş Aslanın teatr və kino sənətinə həsr etdiyi mənalı yaradıcılıq yolu neçə-neçə gənc aktyor nəsli üçün əsl sənət məktəbidir.
Onun üçün oynaya bilməyəcəyi rol yox idi. O, "Hamlet", "Böyük Romul", "Ax, Paris, Paris", "Mənim sevimli dəlim", "Hicran" , "Poçt şöbəsində xəyal", "Varlı qadın", "Sevgililərin cəhənnəmdə vüsalı", "Bizim qəribə taleyimiz" tamaşalarında, "Ulduz", "Bəyin oğurlanması", "Yol əhvalatı" filmlərində, "Yaşıl eynəkli adam, "Qaynana əməliyyatı" və s. teletamaşalarda yaratdığı bir-birindən yaddaqalan obrazlar qalereyası ilə böyük tamaşaçı sevgisi qazana bilib. Sənətkar kimi o özünü dünya dramaturgiyasında, klassik dramaturgiyada sınağa çəkərək realizə edə bilib.
Azərbaycan teatrı və kino sənətinin inkişafında xüsusi xidmətlər göstərmiş Siyavuş Aslanın əməyi daim yüksək qiymətləndirilib. O, bir çox mükafat və fəxri adlar alıb, müstəqil Azərbaycan Respublikasının ali dövlət təltifləri olan "Şərəf", "Şöhrət" ordenlərinə və "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu"na layiq görülüb.
2013-cü ilin iyunun 27-də dünyasını dəyişən unudulmaz sənətkarımız Siyavuş Aslan yaratdığı parlaq obrazlar qalereyası ilə sənətsevərlərin qəlbində, o cümlədən teatrımızın, kinomuzun tarixində əbədi olaraq qalacaqdır.
azertag.az