SOCAR prezidenti Bakı İstedadlar Təhsil Kompleksinin şagirdlərinə təqaüd sertifikatlarını təqdim edib
5.9.2016

Bu gün Bakı İstedadlar Təhsil Kompleksində (BİTK) yeni tədris ilin açılışı münasibəti ilə tədbir keçirilib.
Tədbirdə yerli və xarici müəllimlər, məktəbin heyəti, şagird və onların valideynləri iştirak ediblər. Bu il açılış tədbirinə məktəbin tərəfdaşı olan Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev də qatılıb. Məktəbin direktoru Sigve Austheim salamlama nitqi ilə tədbirin açılışını elan edib. Direktor məktəbdə Kembric Əsas Tədris planının tədris olunduğunu qeyd edib. Bu il məktəb tərəfindən 8 azərbaycanlı müəllim Nottinqem Universitetinə PGCEi ixtisas artırma kurslarına göndərilib, gələn ildə də yerli müəllimlərin ixtisas artırma təlimlərinə göndərilməsi nəzərdə tutulur.
Daha sonra SOCAR prezidenti çıxış edib, şirkət və ölkənin inkişafı üçün insan resurslarının əhəmiyyətindən danışıb. R. Abdullayev SOCAR-ın transmilli şirkətə çevrilərək, Azərbaycanın aktivlərini beynəlxalq miqyasda məharətlə idarə etdiyini qeyd edib: “Bu gün SOCAR Azərbaycanda ən çox işçisi olan şirkətdir. İnvestisiya layihələrimiz Azərbaycanın dövlət büdcəsinə milyardlarla əlavə gəlir gətirməkdədir.” Sənaye obyektlərinin əhəmiyyətindən söz açan SOCAR-ın prezidenti, hər bir inkişafın əsasında duran insan faktorunun rolunu vurğulayıb, şirkət və ölkənin gələcək inkişafını ilk növbədə məhz yüksək savadlı gənclərin yetişdirilməsi ilə əlaqələndirib.
Bakı İstedadlar Təhsil Kompleksi (BİTK), Bakı Ali Neft Məktəbi (BANM) və s. kimi təhsil ocaqlarının tərəfdaşı olan SOCAR ölkədə təhsilin inkişafına mühüm töhfələr verir. Tələbələrə keyfiyyətli təhsil imkanı yaratmaq və daha yüksək nəticələrə təşviq etmək üçün şirkət tərəfindən bir sıra təşviqat tədbirləri həyata keçirilir. Yerli və xarici ali təhsil müəssisələrində təhsil alan azərbaycanlı tələbələr arasında təqaüd müsabiqələri keçirilir. Hazırda yüzlərlə tələbələr SOCAR təqaüdü ilə ölkə daxilində və xaricdə keyfiyyətli təhsil alırlar.
Tədbirdə qeyd olunub ki, bu ildən etibarən SOCAR-ın təqaüd müsabiqəsi həm də BİTK-nin orta məktəb şagirdləri üçün keçirilib, Britaniya proqramı üzrə keçirilən müsabiqənin nəticələri Böyük Britaniyada müstəqil nəzarətçilər tərəfindən yoxlanılıb. İmtahan iştirakçılarından səkkiz şagird, Elfi Əliyeva, Yüksəl Bədəlov, Arslan Məhərrəmli, Ömər Qəhrəmanov. Lyudmila Podqornaya, Aslan Hüseyn, Camal Hüseyn və Nihat İbrahimov ən yüksək nəticə əldə edib, SOCAR-ın təqaüdünə layiq görülüblər.
SOCAR prezidenti təqaüd sertifikatlarını gənc mükafatçılara təqdim edib, onları təbrik edib. Tədbirin davamında təqaüdçülər və onların valideynləri çıxış edib, belə bir imkanın təşkil olunmasına görə təşəkkürünü bildiriblər. Tədbirdən sonra SOCAR-ın prezidenti məktəbdə baxış keçirib, SOCAR-ın dəstəyi ilə aparılmış əsaslı təmir işlərinin nəticələri ilə tanış olub.
Qeyd edək ki, Bakı İstedadlar Təhsil Kompleksi (BİTK) 2012-ci ildə Britaniya məktəbi kimi SOCAR-ın dəstəyi ilə təsis olunub. Məktəbdə tədris Britaniya kurrikulumu əsasında yerli və xarici müəllimlər tərəfindən aparılır.

report.az