Bakıda onkoloji xəstəliklərlə bağlı məsləhət xidmətləri təşkil olunacaq
5.9.2016

“Skalper” Xəstələrə Yardım İctimai Birliyi “Xərçəngdən qorunaq: Bakıda onkoloji xəstəliklərə dair mütəxəssislərin iştirakı ilə məlumatlandırma sessiyalarının, məsləhət xidmətlərinin və profilaktik dəstəyin təşkili” adlı layihə həyata keçirir.

İctimai Birlikdən bildirilib ki, layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə icra ediləcək. Layihə çərçivəsində Bakıda onkoloji xəstəliklərə dair vətəndaşlar üçün üç məlumatlandırma sessiyası, eləcə də pulsuz fərdi məsləhət xidmətlərinin təşkili nəzərdə tutulub.

Sosial şəbəkələrdə risk qrupuna daxil olan aztəminatlı vətəndaşlar, xərçəng xəstələri və onların qohumlarına layihədən faydalanmaq üçün müraciət ünvanlanıb. İş adamları və sahibkarlara da bu xeyirxah missiyaya dəstək olmaq üçün müraciət edilib. Müvafiq təkliflərin nəzərə alınması üçün əlaqədar qurumlarla əməkdaşlıq da nəzərdə tutulub.

azertag.az