“Tələbə Yay Təcrübə Proqramı-2016” başa çatıb
5.9.2016

“Azercell Telekom” MMC-nin “Tələbə Yay Təcrübə Proqramı-2016” uğurla başa çatıb və şirkət tərəfindən tələbələrə sertifikatlar verilib.

Bu münasibətlə keçirilən tədbirdə şirkətin prezidenti Vahid Mürsəliyev bildirib ki, bu il Azərbaycanın dövlət və özəl ali təhsil ocaqlarından 18 tələbə yay təcrübə proqramında iştirak etmək imkanı qazanıb və bu tələbələr, əsasən “ADA” Universiteti, Qafqaz Universiteti və Bakı Dövlət Universitetindən olub. “Yay Təcrübə Proqramı” tələbələrə universitetlərdə öyrəndikləri nəzəri bilikləri real iş şəraitində tətbiq etmək şansı yaradıb.

“Azercell Telekom”dan bildirilib ki, proqram çərçivəsində mərhələlərlə seçilən gənclər 2 ay müddətində şirkətdə işləyib təcrübə qazanmaq imkanı əldə ediblər. Marketinq, “Barama” layihəsi, hüquqi işlər, maliyyə, informasiya texnologiyaları, biznesin inkişafı və bir sıra şöbələrdə təcrübə keçərək gənclər, eyni zamanda, telekommunikasiya sənayesi barədə birbaşa mənbədən bilik əldə edərək maraqlı və məsuliyyətli layihələrdə iştirak ediblər. Görüşdə gənclər təcrübə proqramı sayəsində əldə etdikləri bilik və təcrübələrə əsaslanaraq təqdimatla çıxış ediblər.

2008-ci ildən keçirilən bu proqram çərçivəsində 102 tələbə şirkətdə təcrübə keçib, onlardan 15-i işlə təmin olunub.

azertag.az