Prezident İlham Əliyev İsveçrə Yəhudi İcmaları Federasiyasının prezidenti Herbert Vinterin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
İsveçrə Yəhudi İcmaları Federasiyası nümayəndə heyətinin Azərbaycana səfər proqramının geniş olduğunu, çoxsaylı görüş və tədbirlərin keçiriləcəyini vurğulayan Prezident İlham Əliyev qonaqların ölkəmizi daha da yaxından tanımaları üçün səfərin yaxşı imkan yaradacağına əminliyini bildirdi.
Əsrlər boyu müxtəlif dinlərin və etnik qrupların nümayəndələrinin sülh və dostluq şəraitində yaşamalarını Azərbaycanın ən böyük sərvətlərindən biri kimi dəyərləndirən dövlətimizin başçısı ölkəmizdəki yəhudi icmasının da cəmiyyətimizin fəal hissəsi olduğunu dedi. Prezident İlham Əliyev ölkəmizdə multikulturalizm, sülh və dini tolerantlıq dəyərlərinin təbliğ olunduğunu vurğulayaraq bu ilin Azərbaycanda “Multikulturalizm ili” elan edildiyini dedi. Dövlətimizin başçısı dünyanın bir sıra bölgələrində multikulturalizmin boğulduğu bir vaxtda onu diqqət mərkəzinə gətirməyin vacibliyini də vurğuladı. Dünya ölkələrinin əksəriyyətinin çoxmillətli olduğunu deyən Prezident İlham Əliyev hər bir ölkənin daxilində əmin-amanlığın mövcudluğunun əhəmiyyətini də qeyd etdi. Dövlətimizin başçısı bu baxımdan Azərbaycanın yaxşı nümunə kimi göstərilə bilən ölkələrdən biri olduğunu dedi. Yəhudi icmasının Azərbaycanda böyük tarixə malik olduğunu, öz kimliklərini və ənənələrini qoruyub saxladıqlarını deyən Prezident İlham Əliyev bu icmanın ölkəmizin inkişafına töhfə verdiyini məmnunluqla qeyd etdi.
İsveçrə Yəhudi İcmaları Federasiyasının prezidenti Herbert Vinter Azərbaycanda Prezident İlham Əliyevlə keçirdikləri görüşün ölkəmizə səfərlərinin ən yaddaqalan hissəsi olacağına əminliyini ifadə etdi. Qonaq bildirdi ki, səfər zamanı əsas məqsəd müxtəlif mədəniyyətlərarası, etnik və dini qruplararası dinc yanaşı yaşama məsələləri ilə yaxından tanış olmaqdır. Herbert Vinter Azərbaycanın multikulturalizm məsələlərinə böyük önəm verən çox az sayda ölkələrdən biri olduğunu dedi. O, Azərbaycanda müxtəlif dini icmaların üzvləri ilə keçirəcəkləri görüşlərin önəmini qeyd etdi. Herbert Vinter İsveçrədən - Beynəlxalq Qırmızı Xaç Komitəsinin əsasının qoyulduğu ölkədən gəldiklərini vurğulayaraq sülh və əmin-amanlıq prinsiplərinin böyük maraq doğurduğunu dedi.
İsveçrə Yəhudi İcmaları Federasiyasının prezidenti Herbert Vinter qeyd etdi ki, Azərbaycan həqiqətən gözəl ölkədir, iqtisadi baxımdan böyük uğurlar qazanıb, ümumiyyətlə, bütün sahələrdə nailiyyətlər əldə etmiş ölkədir. Qonaq İsveçrənin Azərbaycan ilə ikitərəfli münasibətlərinə toxunaraq bu əlaqələrin inkişafından çox məmnun olduqlarını bildirdi.
president.az