Azərbaycan Prezidenti İlham Əliyev “ASAN xidmət” mərkəzlərinin fəaliyyətinin inkişafı, işçilərinin və könüllülərinin həvəsləndirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Sərəncam imzalayıb.
Sərəncamda deyilir ki, dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, vətəndaşlara göstərilən xidmətlərin daha keyfiyyətli, rahat, yeni üslubda və müasir innovasiyaları tətbiq etməklə həyata keçirilməsi məqsədi ilə yaradılmış “ASAN xidmət” mərkəzləri fəaliyyətə başladığı gündən qısa müddət ərzində vətəndaşların böyük rəğbətini qazanıb.
“ASAN xidmət” modeli dövlət xidmətlərinin göstərilməsi və korrupsiyaya qarşı mübarizə sahəsində aparılan institusional islahatların uğurlu nəticəsidir.
“ASAN xidmət” mərkəzlərinin fəaliyyəti operativlik, şəffaflıq, etik davranış, nəzakətlilik və məsuliyyət prinsipləri əsasında yüksək standartlar çərçivəsində qurulur və inkişaf etdirilir.
Bununla yanaşı mərkəzlərdə işləyənlərin böyük əksəriyyətini təşkil edən gənclərin dövlətçilik ənənələri və vətənpərvərlik ruhunda yetişməsinə, sosial məsuliyyət hissinin güclənməsinə, yeni nəsil dövlət qulluqçularının formalaşmasına nail olunur.
Sərəncama əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi işçilərinin, “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən digər dövlət orqanları işçilərinin və könüllülərin həvəsləndirilməsi, habelə mərkəzlərin fəaliyyətinin inkişaf etdirilməsi məqsədilə 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə 5 milyon manat ayrılıb.
Dövlət Agentliyinə “ASAN xidmət” mərkəzlərinin fəaliyyətinin inkişafı ilə əlaqədar tədbirlər görmək, işçilərinin, mərkəzlərdə fəaliyyət göstərən digər dövlət orqanları işçilərinin və könüllülərin həvəsləndirilməsi məqsədilə onlara bir il müddətində aylıq mükafat verilməsini təmin etmək tapşırılıb.
azertag.az