Yuğ Teatrı mövsümü "Naməlum Axundzadə” tamaşası ilə açacaq
6.9.2016

Azərbaycan Dövlət Yuğ Teatrı yeni mövsümü sentyabrın 20-də Gümrah Ömərin quruluşunda hazırlanan “Naməlum Axundzadə” tamaşası ilə açacaq.

Teatrın mətbuat xidmətindən verilən məlumata görə, tamaşanın quruluşçu rəssamı teatrın baş rəssamı, əməkdar rəssam Rəşid Şerif, musiqi tərtibatçısı Ramiq Mehdidir. Tamaşada əməkdar artistlər Fərhad İsrafilov, Məmmədsəfa Qasımov, Vidadi Həsənov, Sonaxanım Mikayılova, Gülzar Qurbanova, Yaqut Paşazadə, aktyorlar Zümrüd Qasımova, Hikmət Rəhimov çıxış edir.

Teatrda sentyabr ayında “Rindü-şeyda”, “Medeya. Sekvensiya 001”, “Kafkadan salam”, “Məhşər günü” tamaşaları da nümayiş olunacaq. Mətbuat xidmətindən əlavə ediblər ki, Yuğ Teatrı yeni mövsümdə L.Borxesin “Ölümsüzlük”, S.Moemin “Kilsə xidmətçisi”, Q.Markesin “Nəhəng qanadlı ahıl senyor”, O.Pamukun “Mənim adım qırmızı”, M. fon Maenbuqrun “Eybəcər”, K.Abdullanın “Bir, iki, bizimki...”, Elçinin “Cəhənnəm sakinləri”, Qan Turalının “Polkovnikin 3 günü” əsərlərinə də müraciət etməyi planlaşdırır.

apa.az