Bakıda “Musiqi sülhə səsləyir” adlı tədbir keçiriləcək
6.9.2016

Sentyabrın 7-də Azərbaycan Musiqili Mədəniyyəti Dövlət Muzeyində “Musiqi sülhə səsləyir” adlı tədbir təşkil olunacaq.

Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Bəstəkarlar İttifaqı və Musiqili Mədəniyyəti Dövlət Muzeyinin birgə təşkilatçılığı ilə keçiriləcək tədbir Beynəlxalq Sülh Günü münasibətilə “Sülh aylığı” çərçivəsində baş tutacaq.

Tədbir çərçivəsində Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Milli Konservatoriyanın və Bakı Musiqi Akademiyasının professoru, Əməkdar İncəsənət Xadimi Cəlal Abbasovla görüş keçiriləcək.

Bəstəkar sülh mövzusunda yazdığı əsərləri və gələcək yaradıcılıq planları barədə söhbət açacaq, tədbir iştirakçılarının suallarını cavablandıracaq.

Tədbirdə C. Abbasovun BMT-nin mükafatına layiq görülmüş “İf İ could see you again...” adlı IV simfoniyasının videoyazısı və “Sülhün səsi” adlı III simfoniyasından videofraqment nümayiş olunacaq. Bununla yanaşı, Əməkdar Artist Fəridə Məmmədova və İlahə Sadıqzadənin repertuarında müxtəlif musiqi nömrələri səsləndiriləcək.

Qeyd edək ki, Cəlal Abbasov, həm də BMT-nin “Ümumdünya insan hüquqları haqqında Bəyannaməsinin 50 illiyinə həsr olunmuş” müsabiqənin qalibidir.

azertag.az