“Təmiz Şəhər” ASC tərəfindən yerli və əcnəbi tələbələr üçün bərk məişət tullantılarının çeşidlənməsi və yandırılması zavodlarına tur təşkil olunub.
ASC-nin mətbuat xidmətindən bildirilib ki, gənclər zavodlarda iş prosesi ilə yaxından tanış olublar. Onlara məlumat verilib ki, Bakı şəhəri üzrə toplanan bərk məişət tullantılarının bir hissəsi tullantıların çeşidlənməsi zavoduna təhvil verilir. Burada çeşidlənən tullantıların tərkibindəki təkrar emala yararlı metal, şüşə, plastik, kağız və s. materiallar ümumi kütlədən ayrılır və xammal kimi təkrar emal zavodlarına göndərilir.
Tullantının təkrar emala yararlı olmayan hissəsi isə tullantılarının yandırılması zavoduna göndərilir. Ən qabaqcıl 4G texnologiyası ilə inşa edilən bu zavodda tullantılar yandırılaraq həcmi təxminən 10 dəfə azaldılır və elektrik enerjisi alınır. Zavodda il ərzində hasil olunan enerji ilə 300 min əhalisi olan şəhər və ya rayonu bir il ərzində tam elektrik enerjisi ilə təmin etmək mümkündür.
azertag.az