İraqın Azərbaycandakı müvəqqəti işlər vəkili Fadil Əl-Şuveyli Azərbaycan Tibb Universitetinin (ATU) rəhbərliyi ilə görüşüb. İraqlı diplomata ATU-da təhsil alan əcnəbi tələbələrlə bağlı ətraflı məlumat verib. Universitetin rektoru, professor Gəray Gəraybəyli rəhbərlik etdiyi ali tibb təhsili müəssisəsində təhsil alan xarici ölkə gəncləri arasında İraqdan olan tələbələrin xüsusi fərqləndiyini bildirib.
Bu barədə ATU-nun mətbuat xidmətindən məlumat verilib.
Görüşdə qeyd olunub ki, İraq hökumətinin avqustun 21-də verdiyi qərara əsasən, artıq Azərbaycan Tibb Universitetinin diplomları həmin ölkədə tamhüquqlu təhsil sənədi kimi qəbul ediləcək. Fadil Əl-Şuveyli bu qərarı dəstəklədiyini deyib və iraqlı tələbələrin Azərbaycanda yüksək təhsil alaraq lazımi biliklərə yiyələndiklərindən məmnunluğunu bildirib. İraq rəsmisi ATU-da təhsil alan iraqlı tələbələrə qarşı çox yaxşı münasibətin olduğunu da vurğulayıb.
Görüş zamanı Azərbaycanla İraq arasında olan dostluq münasibətlərinin təhsil müstəvisində də davam etdirildiyi, Tibb Universiteti ilə mövcud əməkdaşlığın buna bariz nümunə olduğu vurğulanıb. Gələcəkdə bu istiqamətdə görülən işlərin davam etdiriləcəyi qeyd olunub.
azertag.az