Bakıda 15, 24, 93 və 172 saylı marşrut xətlərinin hərəkət trayektoriyasında dəyişiklik edilib
7.9.2016

Bakı Nəqliyyat Agentliyi 15, 24, 93 və 172 saylı marşrut xətlərinin hərəkət trayektoriyasında dəyişiklik edib.

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətindən bildiriblər ki, əvvəllər 15 saylı marşrut xətti üzrə avtobuslar Keşlə qəsəbəsindən Bakı Metropoliteninin "Qara Qarayev" stansiyası istiqamətində hərəkət edirdi. Dəyişiklikdən sonra isə sərnişinlər 15 saylı marşrut xətti üzrə hərəkət edən avtobuslarla Bakı Olimpiya Stadionuna və "Böyük Şor" bulvarına gedə biləcəklər.

Bakı ətrafı qəsəbələrdən Bakı Olimpiya Stadionuna və "Böyük Şor" bulvarına getmək istəyən sərnişinlər 172 saylı marşrut avtobusundan istifadə edə bilərlər. Belə ki, əvvəllər adı çəkilən marşrut xətti Bilgəh, Maştağa və Zabrat qəsəbələrindən keçməklə Heydər Əliyev prospekti ilə metronun "Koroğlu" stansiyası yaxınlığındakı Nəqliyyatı Mübadilə Mərkəzinə daxil olurdu. Dəyişiklikdən sonra bu xətt üzrə avtobuslar Heydər Əliyev prospektindən keçməklə Bakı Olimpiya Stadionuna, oradan isə metronun "Koroğlu" stansiyası yaxınlığındakı Nəqliyyatı Mübadilə Mərkəzinə hərəkət edəcək.

Bununla yanaşı, metronun "Nərimanov" stansiyasından 24, "Dərnəgül" stansiyasından isə 93 saylı marşrut xətləri üzrə hərəkət edən avtobuslar da Bakı Olimpiya Stadionuna və "Böyük Şor" bulvarına daxil olacaq.

Qeyd edək ki, 15 saylı marşrut xətti üzrə 4, 172 saylı marşrut xətti üzrə 2, 24 saylı marşrut xətti üzrə 1 və 93 saylı marşrut üzrə də 1 avtobus Bakı Olimpiya Stadionuna və "Böyük Şor" bulvarı istiqamətində hərəkət edəcək. Bunu nəzərə alaraq, sərnişinlərdən qeyd edilən istiqamətə getmək üçün 15, 24, 93 və 172 saylı marşrut üzrə avtobuslardan istifadə edərkən məlumat lövhələrinə diqqət etmələri xahiş olunur.

Qeyd edilən bu dəyişiklik Bakı Olimpiya Stadionunda çalışan əməkdaşların, həmçinin burada təşkil edilən yarışlar və müxtəlif kütləvi tədbirlər zamanı tamaşaçıların idman obyektinə rahat gediş gəlişini təmin edəcək. Bundan əlavə, bu yenilik istirahət məqsədilə Stadion yaxınlığındakı "Böyük Şor" bulvarına üz tutan sakinlərin işini də asanlaşdıracaq.

azertag.az