Gürcüstanın Dmanisi rayonunun Armudlu yaylağında Borçalı türklərinin IV “Elat Mədəniyyəti Günü” keçirilib.
Tədbirdə Azərbaycan, Türkiyə, Orta Asiyadan, eləcə də Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı bölgələrdən qonaqlar iştirak ediblər. Tədbiri iş adamı İsrafil Bayramov açaraq IV “Elat mədəniyyəti Günü”nün Ramazan ayının başlanğıcına təsadüf etdiyini bildirib və bu münasibətlə bütün müsəlmanları təbrik edib. Sonra “Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli çıxış edərək “Elat Mədəniyyəti Günü”nün artıq festival xarakteri aldığını bildirib: “Biz Dmanisi yaylağına üç təfəkkürün, üç mədəniyyətin bir olduğunu sübut etmək üçün toplaşmışıq. Biz bu tədbirdə səsləndirdiyimiz şüarlarla Gürcüstanın vahidliyini, separatizmə qarşı mübarizəsini, bu ölkədə keçirilən islahatları dəstəklədiyimizi deməyə gəlmişik. Biz Borçalıda olan mövcud problemləri mədəniyyətimizlə həll edəcəyik. İnanıram ki, bir vaxt bu bayram böyük birlik bayramına çevriləcək”.
Sonra tədbirdə akademik Ramiz Məmmədov, Gürcüstan parlamentinin deputatı Azər Süleymanov, Türkiyənin sabiq millət vəkili Orxan Kayhan, şair-jurnalist Mədəd Coşqun, TİKA-nın Gürcüstan təmsilçisi Rəsul Əfəndi, İzmir Azərbaycanlıları Mədəniyyət Mərkəzinin rəhbəri Camal Məmmədxanoğlu və digər qonaqlar çıxış ediblər.
“Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli Borçalıdan və Azərbaycandan gələn fəal ziyalılara cəmiyyətin diplomlarını təqdim edib. IV “Elat Mədəniyyəti Günü”ndə at yarışları və müxtəlif idman yarışları da təşkil edilib. Sonda bayram münasibətilə təşkil edilən konsertdə Azərbaycanlıların Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən “Sarvan” folklor rəqs qrupu gürcü və Azərbaycan rəqslərini nümayiş etdirib, aşıqların, müğənnilərin ifasında xalq mahnıları ifa olunub.
apa