Azərbaycan Prezidenti İlham Əliyev Biləsuvar şəhərində çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının uğurla yerinə yetirilməsi nəticəsində Biləsuvar rayonunda bir sıra mühüm tədbirlər həyata keçirilib, Olimpiya İdman Kompleksi inşa edilmiş, Rayon Mərkəzi Xəstəxanası, Tarix-Diyarşünaslıq Muzeyi əsaslı təmir olunub, təhsil və digər sosialyönümlü obyektlər istifadəyə verilib, iri istehsal və emal müəssisələri yaradılıb, 25 mindən çox yeni iş yeri açılıb, Biləsuvar şəhərinin içməli su təchizatı sistemi yenidən qurulub, qırx min nəfər əhalinin yaşadığı 16 yaşayış məntəqəsini birləşdirən və ümumi uzunluğu 43 kilometr olan kəndlərarası avtomobil yolları tikilib, genişmiqyaslı abadlıq-quruculuq işləri görülüb.
Sərəncama əsasən, qeyd olunan işləri nəzərə alaraq Biləsuvarda abadlıq-quruculuq işlərinin davam etdirilməsi, habelə şəhərin mənzil fonduna daxil olan 25 çoxmənzilli binanın əsaslı təmiri məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Biləsuvar Rayon İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat ayrılır.
Maliyyə Nazirliyinə göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılır.
trend.az