Bakıda, “Kristal Zal”ın yaxınlığında “Azərbaycan qonaqpərvərlik zonası” (Azerbaijan Hospitality zone) adlı pavilyon qurulub.
42-ci Ümumdünya Şahmat Olimpiadası çərçivəsində yaradılan pavilyon Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzinin və Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin birgə təşkilatçılığı ilə təşkil olunub. Azərbaycanın qonaqpərvərlik zonası kimi təqdim olunan pavilyonda ölkəmizin ayrı-ayrı bölgələrinə xas olan milli mədəniyyət nümunələri, xüsusən də Azərbaycan xalçalarının sərgiləndiyi “Azərbaycan xalça sənəti” sərgi-aksiyası keçirilir.
Sərgi-aksiya haqqında məlumat verən Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzin şöbə müdiri Rafiq Quliyev bildirib ki, bu xalçalar ölkəmizin müxtəlif bölgələrindən seçilərək paytaxta gətirilib: “Xalçaçılıq Azərbaycan xalqının mədəniyyətinin ayrılmaz hissəsidir. Tarixin müxtəlif dövrlərində xalçalarımız dünyada məşhur olub. Qədim sənət növümüz bu gün də öz məşhurluğunu qoruyub saxlayıb. Azərbaycan mədəniyyətində özünəməxsus yeri olan xalçaçılıq sənətinin tanıdılması və təbliği məqsədilə bu sərgi-aksiya təşkil olunub. Burada nümayiş olunan xalçalar Azərbaycanın müxtəlif xalçaçılıq məktəblərini əhatə edir. Sərgi-aksiya üçün bölgələrimizdən 200-dək xalçalar seçilib. Həmin xalçalardan 60-ı burada nümayiş olunur”.
Ərazinin ölkəmizdə olan xarici qonaqlar tərəfindən mütəmadi ziyarət olunduğunu qeyd edən natiq diqqətə çatdırıb ki, qonaqlar ən çox xalçalarımız və onların hazırlanma üsulları ilə maraqlanırlar.
Qeyd edək ki, sərgidə Qarabağ, Şirvan, Gəncə, Qazax, Quba, Bakı və Naxçıvan xalça məktəblərinə uyğun stendlər quraşdırılıb. Eyni zamanda, hər stenddə bölgələr haqqında videoçarxlar nümayiş olunur. Pavilyonda tədbir iştirakçılarına və şahmatçılara xalçaçılıq nümunələrinin nümayişi ilə yanaşı, ölkəmizin müxtəlif bölgələrində hazırlanmış tətbiqi və təsviri sənət nümunələri, həmçinin Azərbaycan mətbəxinin ayrılmaz hissəsi olan çay süfrəsi və mürəbbələr təqdim olunur. Xüsusi hazırlanmış stendlərin önündə milli geyimlərdə fotoşəkil çəkdirmək imkanı da yaradılıb.
Sərgi sentyabrın 14-dək davam edəcək.
azertag.az