Bilik günü münasibətilə Rusiyanın Nijni Novqorod şəhərindəki 52 saylı orta məktəbdə Xalqlar dostluğu sərgisi təşkil edilib. Sərgidə Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) Nijni Novqorod regional bölməsi də təmsil olunub.
Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, şəhər rəhbərliyinin təşəbbüsü ilə yaradılan sərginin məqsədi uşaq, yeniyetmə mühitində millətlərarası dostluğu möhkəmləndirmək, mədəni əlaqələri inkişaf etdirmək və şagirdləri müxtəlif xalqların tarixi, mədəniyyəti ilə tanış etməkdir.
Sərginin açılışı və yeni dərs ilinin başlaması münasibətilə edilən təbrik çıxışlarından sonra məktəbin kollektivinə və qonaqlara musiqili proqram təqdim olunub. Tədbirdə “Qarabağ” ansamblının üzvü Alfiya Badyautdinova “Sarı gəlin” Azərbaycan xalq mahnısının melodiyasına məharətlə ifa etdiyi rəqs nömrəsi ilə çıxış edib.
Bayram tədbirində məktəblilərin hazırladığı “Müharibəsiz dünya” videofilmi nümayiş etdirilib, ardınca isə şagirdlər muzeydə təqdim olunan milli mədəniyyətlərin stendləri ilə qonaqları tanış ediblər.
Muzeydə Azərbaycan xalqının zəngin milli-mədəni irsi, həmçinin müasir Azərbaycanın turizm potensialını əks etdirən stend sərgilənib. Ümumrusiya Azərbaycan Konqresi Nijni Novqorod regional bölməsi və Rusiya Azərbaycan Gəncləri Birliyinin yerli nümayəndəliyi tərəfindən hazırlanan stenddə Azərbaycan xalqının mədəniyyətini əks etdirən məişət əşyaları, musiqi alətləri, milli geyimlər, suvenirlər və s. nümayiş etdirilib.
Sərgidə, həmçinin “İRS”, “Baku”, “AMOR” jurnalları, Azərbaycan xalqının görkəmli nümayəndələri – ümummilli lider Heydər Əliyev, Müslüm Maqomayev, Kərim Kərimov və başqaları haqda kitablar, həmçinin Azərbaycanın görməli yerləri, təbiəti, milli mətbəxi, turizm potensialı haqda məlumat kitabçaları, Müslüm Maqomayev, Rəşid Behbudov, Polad Bülbüloğlunun yaradıcılığını əks etdirən disklər yer alıb.
azertag.az