Nəsimi rayonunda yeni tədris ilinə hazırlıq müzakirə olunub
7.9.2016

Nəsimi Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş tərkibli iclasında rayonda keçən tədris ilinin yekunları və yeni təhsil ilinə hazırlıq müzakirə olunub.

İcra hakimiyyətindən bildiriblər ki, iclasda çıxış edən icra hakimiyyətinin başçısı Asif Əsgərov ölkədə təhsil məsələləri ilə bağlı görülən işlər, Prezident İlham Əliyev və birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən təhsilə göstərilən diqqət və qayğıdan danışıb. Qeyd olunub ki, ölkə başçısının imzaladığı sərəncamlara və dövlət proqramlarına əsasən rayondakı orta və məktəbəqədər təhsil müəssisələrinin böyük əksəriyyəti əsaslı təmir olunub. Dövlət başçısının Sərəncamı ilə təsdiq olunmuş “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə tədbirlər planına uyğun olaraq rayonun bir sıra məktəb və uşaq bağçalarının əsaslı təmiri nəzərdə tutulub.

Tədbirdə çıxış edən Texniki Humanitar Liseyin direktoru Səidə Zeynalova Nəsimi rayonunda təhsilin uğurlarından danışıb, qəbul imtahanlarında yüksək bal toplayan məzunlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Sonda qəbul imtahanlarında yüksək nəticə göstərmiş məzunlar rayon icra hakimiyyəti tərəfindən mükafatlandırılıblar.

Qarabağ müharibəsi əlilləri, veteranları, şəhid ailələrindən və aztəminatlı ailələrdən olan uşaqlara məktəbli forması hədiyyə olunub.

azertag.az