BMT mütəxəssisi Azərbaycana səfər edəcək
8.9.2016

 BMT-nin xüsusi məruzəçisi Mişel Forst 14-22 sentyabr tarixlərində insan hüquqları müdafiəçilərinin vəziyyətini araşdırmaq üçün ölkədə rəsmi səfərdə olacaq.
BMT-nin Bakı ofisindən verilən məlumata görə, səfər çərçivəsində M.Forst Azərbaycanda vətəndaş cəmiyyətlərinin vəziyyəti ilə maraqlanacaq. Səfər Azərbaycan hökumətinin dəvəti ilə baş tutacaq.
"Mən demokratiyanın möhkəmləndirilməsi yolları və azərbaycanlı hüquq müdafiəçilərinin öz dəyərli fəaliyyətlərini həyata keçirmək üçün əlverişli mühitin yaradılması barədə konstruktiv müzakirələrin baş tutacağını gözləyirəm", - deyə, M.Forst səfər öncəsi deyib.
Səfər müddətində xüsusi məruzəçi bir sıra dövlət rəsmiləri, məhkəmə nümayəndələri, insan hüquqları müdafiəçiləri, o cümlədən vətəndaş cəmiyyətinin və diplomatik ictimaiyyətin nümayəndələri ilə görüşlər keçirəcək.
Xüsusi Məruzəçinın yekun hesabatı 2017-ci ilin mart ayında BMT-nin İnsan Hüquqları Şurasına təqdim olunacaq.
Qeyd edək ki, Mişel Forst BMT-nin İnsan Haqları Şurasının tərəfindən dünyada insan haqları müdafiəçilərinin himayə və müdafiəsini nəzərdən keçirmək üçün səlahiyyətləndirilmiş müstəqil ekspertdir.

report.az