Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Azərbaycan, rus və ingilis dillərində Qusarın turist xəritəsi hazırlanıb.
Qusar rayonuna səyahət edən turistlər bu xəritə vasitəsi ilə rayonun təbii abidələri, kempinq əraziləri və turist düşərgələri, tarixi məkanları, regionun mətbəxi haqqında ətraflı məlumat əldə edə bilər.
Bələdçi xəritəsi görməli yerlərə (qədim məscidlər, körpülər, mədəni mərkəzlər və muzeylər) ən qısa marşrutu tapmağa köməklik etməklə rayonda olan mehmanxanalar, istirahət zonaları və restoranlar haqqında məlumatı əhatə edir.
Turistlər bu xəritənin köməkliyi ilə Qusarın ən məşhur görməli yerləri haqqında məlumatları əldə edə bilərlər: dağlıq ərazidə yerləşən Ləzə kəndi,1456-cı ildə Şeyx Cüneydin məzarı üzərində ucaldılmış türbə, rayon mərkəzindən 27 km cənub-qərbdə yerləşən Aniq kənd məscidi, “Şahdağ Turizm Mərkəzi” və digərləri.
Qusarın turist xəritəsini ölkəmizdə fəaliyyət göstərən turizm informasiya mərkəzlərindən, Qusarda fəaliyyət göstərən mehmanxanalardan və “Şahdağ Turizm Mərkəzi”ndən əldə etmək mümkündür.
Hazırda Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə - Gəncə, Xaçmaz, Masallı, Şəki, İsmayıllı və digər şəhər və rayonların turist xəritələrinin hazırlanması üzərində işlər davam etdirilir.
report.az