Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında VII turun təqvimi müəyyənləşib.
Bakı Şahmat Olimpiadasının mətbuat xidmətinin verdiyi məlumata görə, sentyabrın 9-da kişilərdən ibarət əsas millimiz Xorvatiya ilə qarşılaşacaq. İkinci komandamız Venesuelanı, üçüncü yığmamız isə eşitmə qabiliyyəti zəif olan şahmatçılar ittifaqının (ICCD) komandasını sınağa çəkəcək.
Olimpiadanın vahid lideri Hindistan ABŞ-la, Hollandiya Latviya ilə, Rusiya Çexiya ilə, Çin İngiltərə ilə, Ukrayna Kanada ilə, Gürcüstan Rumıniya ilə üz-üzə gələcək.
Altı turdan sonra kişilərdən ibarət əsas Azərbaycan millisi 9 xalla 13-cü, ikinci komandamız 8 xalla 34-cü, üçüncü yığmamız isə 6 xalla 86-cı yerdə qərarlaşıb.
Hindistan 12 xalla liderdir. 11 xal toplayan ABŞ ikinci pillədə qərarlaşıb. 10 xala sahib yığmalardan Hollandiya üçüncü, Çexiya dördüncü, Gürcüstan beşincidir.
Qadınlardan ibarət əsas yığmamız VII turda Hindistanla üz-üzə gələcək. İkinci komandamız Belarusla, üçüncü yığmamız isə Boliviya ilə görüşəcək. Favoritlərdən Rusiya Polşa ilə, Çin Ukrayna ilə, ABŞ Rumıniya ilə, Gürcüstan Hollandiya ilə, Macarıstan Filippin ilə mübarizə aparacaq.
6 turdan sonra qadınlardan ibarət əsas millimiz 10 xalla altıncı pillədə qərarlaşıb. 7 xala malik üçüncü yığmamız 37-ci, ikinci komandamız isə 38-ci yeri tutur.
Rusiya və Ukrayna 11 xalla 1-2-ci yerləri bölüşürlər. 10 xala malik Polşa üçüncü, Rumıniya dördüncü, Hindistan isə beşincidir.
azertag.az