Bakı Metropolitenində qış qrafikinin tətbiqinə başlanılacaq
9.9.2016

Sentyabrın 15-dən Bakı Metropolitenində qış qrafikinin tətbiqinə başlanılacaq.

Bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri N.Paşayev deyib.

O bildirib ki, sentyabrın 15-dən qatarların hərəkət intervalı gur saatlarda 2 dəqiqəyə endiriləcək.

N.Paşayevin sözlərinə görə, yay mövsümünün başa çatması, xüsusən yeni tədris ilinin başlanması ilə əlaqədar Bakı etropolitenində də sərnişin axınının get-gedə artması müşahidə olunur. Mövsümün tələbləri nəzərə alınaraq, sərnişindaşıma qabiliyyətini artırmaq, qatarlardan səmərəli istifadə etmək, həmçinin sərnişinə xidmət mədəniyyətinin səviyyəsini yüksəltmək məqsədilə metropolitendə bir sıra tədbirlər görülür. Onların arasında, ənənə üzrə, qatarların yeni hərəkət qrafikinin tətbiqi xüsusi yer tutur.

“Qeyd edilən qrafikə əsasən, qatarların hərəkəti daha da sıxlaşdırılır. Hərəkət gur saatlarda 30 cüt qatar ölçülərinə uyğun təşkil edilməklə, xətlərdəki qatarların sayı artırılacaq və interval azaldılacaq. Nəticədə, “Həzi Aslanov” metro stansiyasından “28 May” metro stansiyası daxil olmaqla hər iki istiqamətdə interval gur saatlarda 2 dəqiqəyə endiriləcək. Qeyd edək ki, gur hərəkət səhər saat 7:00-dan 10:00-a, axşam isə 17:00-dan 20:00-a qədərdir. Bu məqsədlə, gur saatlarda xətlərin “28 May-Dərnəgül” və “28 May-İçərişəhər” sahələrində qatarlar arasında interval 4 dəqiqə olacaq”, - deyə N.Paşayev vurğulayıb.

N.Paşayev, həmçinin qeyd edib ki, “Həzi Aslanov-28 May” sahəsində, sərnişin axınının tələbləri əsas götürülməklə, qeyri-gur saatlarda hərəkət intervalı 2,5 dəqiqə, sərnişinlərin əsaslı şəkildə azaldığı müşahidə olunan axşam saatlarından gecəyə doğru 3 dəqiqə və daha çox olur. Şənbə və bazar, eləcə də bayram günlərində isə fərqli hərəkət qrafiki tətbiq olunur.

Yeni qrafikin 2017-ci ilin yayına qədər tətbiq ediləcəyini deyən N.Paşayev metropolitendə hərəkət qrafikinin il ərzində iki dəfə dəyişdirildiyini bildirib.

Qeyd edək ki, yay mövsümündə əhalinin istirahət məqsədilə daha çox şəhərdən kənara üz tutması, ələlxüsus tədris ilinin başa çatması ilə metropolitendə nisbətən yüngülləşdirilmiş yay qrafiki tətbiq olunur.

azertag.az